RU

ABŞ texnologiya nəhəngləri 2026-cı ildə süni intellektə 650 milyard dollar sərmayə yatırmağı planlaşdırır

Alphabet, Amazon, Meta və Microsoft-un investisiyaları ötən illə müqayisədə kəskin artacaq...

ABŞ-nin aparıcı texnologiya şirkətləri 2026-cı ildə süni intellekt infrastrukturu ilə bağlı layihələrə ümumilikdə təxminən 650 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə Bridgewater Associates şirkətinin təhlilinə istinadən məlumat yayılıb.

Söhbət Alphabet, Amazon, Meta və Microsoft kimi nəhəng korporasiyalardan gedir. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ildə bu şirkətlərin süni intellekt sahəsinə yönəltdiyi investisiyaların həcmi 410 milyard dollar təşkil edib.

Bridgewater-in həmtəsisçisi və baş investisiya direktoru Qreq Yensen bildirib ki, süni intellekt sahəsində bum daha “riskli mərhələyə” daxil olub. Onun sözlərinə görə, bu mərhələ fiziki infrastrukturun sürətlə genişləndirilməsi və xarici maliyyə mənbələrindən asılılığın artması ilə xarakterizə olunur.

“Reuters” agentliyinin yaydığı məlumata əsasən, Yensen vurğulayıb ki, hesablama gücünə tələbat təklifi xeyli üstələyir. Bu isə iri şirkətləri tələbi qabaqlamaq üçün investisiyaları daha da sürətləndirməyə məcbur edir.

Məlumata görə, şirkətlər kapital xərclərini artırmaq üçün artıq öz səhmlərinin geri alınmasını azaldıblar. Ekspertlər xəbərdarlıq edirlər ki, proses nəzarətdən çıxarsa, maliyyə bazarlarında risklər arta bilər. Son dövrlərdə proqram təminatı və məlumat təchizatçıları sektorunda səhmlərin ucuzlaşması da süni intellekt məhsullarının sürətli yayılmasının digər sahələr üçün əlavə təzyiq yaratdığını göstərir.

İqtisadi baxımdan isə texnologiya sərmayələri ABŞ iqtisadi artımına mühüm təsir göstərməkdə davam edir. Bridgewater-in hesablamalarına görə, 2025-ci ildə texnologiya investisiyaları ölkənin ümumi daxili məhsul artımına təxminən 0,5 faiz bəndi əlavə edib. 2026-cı ildə isə bu göstəricinin 1 faiz bəndinə yaxın ola biləcəyi ehtimal edilir.

Bununla yanaşı, iri həcmli investisiyalar texnologiya və telekommunikasiya avadanlıqları sektorunda qiymət artımına, bəzi regionlarda isə elektrik enerjisi xərclərinin yüksəlməsinə səbəb ola bilər. Qreq Yensen 2000-ci ildə baş vermiş dotkom böhranını xatırladaraq kəskin birja korreksiyasının iqtisadi artımı zəiflədə və şirkətlərin kapital cəlb etmə imkanlarını məhdudlaşdıra biləcəyini qeyd edib. Bununla belə, o, hazırkı vəziyyətin həmin dövrlə müqayisədə daha az ifrat xarakter daşıdığını vurğulayıb.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники