RU

Britaniya Kino Akademiyası və BBC irqçi təhqirə görə üzr istəyib

Bakı, 23 fevral, AZƏRTAC

Britaniya Kino Akademiyası və BBC Turet sindromlu bir tamaşaçının Britaniya Kino Akademiyası Film Mükafatlarının (BAFTA) təqdimatı zamanı irqçi təhqiramiz söz ifadə etməsindən sonra izləyicilərdən üzr istəyib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu təhqiramiz söz bazar günü keçirilən mərasimdə “Günahkarlar” filminin ulduzları Maykl B. Cordan və Delroy Lindo tərəfindən ən yaxşı vizual effektlər mükafatını təqdim edərkən söylənilib.

Aparıcı Alan Kamminq əvvəllər tamaşaçılara bu şəxsin BAFTA mükafatına namizəd göstərilən “I Swear” filminə ilham verən Turet sindromlu insanların müdafiəsi üzrə şotlandiyalı fəal Con Devidson olduğunu demişdi.

Turet sindromu qeyri-iradi, təkrarlanan hərəkətlər və ifadələr, o cümlədən uyğunsuz sözlərin tələffüzü ilə xarakterizə olunan nevroloji bir xəstəlikdir. Zalda baş verən səs-küydən sonra Kamminq Londonun Kral Festival zalındakı tamaşaçılardan “güclü və təhqiramiz ritorikaya” görə üzr istəyib.

BBC bazar ertəsi günü üzr istəsə də, təhqiramiz söz hələ də telekanalın yayım saytında eşidilir. Telekanalın bəyanatında deyilir: “Bu, Turet sindromu ilə əlaqəli qeyri-iradi şifahi tiklərdən qaynaqlanır və qəsdən edilməyib. Eşidilən hər hansı təhqirə görə üzr istəyirik”.

“Tourettes Action” xeyriyyə təşkilatının sədr müavini Ed Palmer bildirib ki, BBC təhqiramiz ifadəni aradan qaldırmaq barədə düşünməlidir. Onun sözlərinə görə, insident həmin şəxsin psixoloji problemi ilə əlaqədardır və sözügedən kadrı silməklə ona güzəşt edilməlidir.

Избранный
7
1
azertag.az

2Источники