RU

Polislikdən narkobaronluğa: Meksikada xaos yaradan El Mençonun həyat və ölüm hekayəsi

Meksikada "Xaliskonun Yeni Nəsil Karteli"nin (CJNG) rəhbəri "El Menço" ləqəbli Nemesio Osequera Servantesin öldürülməsi ilə ölkədə beynəlxalq obyektivin mərkəzinə düşüb.

"Yeni Sabah" xəbər verir ki, əməliyyat Meksikanın Xalisko ştatının Tapalpa şəhərində həyata keçirilib. Təhlükəsizlik qüvvələri El Mençonu sağ tutmağa çalışsa da, o, silahlı qarşıdurma zamanı ağır yaralanıb və sonradan həyatını itirib.

Əməliyyat zamanı ən azı 4 kartel üzvü öldürülüb, bir neçə nəfər həbs edilib. Polis karetelə aid olan zirehli texnika və ağır silahları müsadirə edib.

Xalisko ştatında silahlı toqquşmalar baş verib, çox sayda avtomobil yandırılıb və bir sıra yollar bağlanıb.

El Mençonu dünyanın ən təhlükəli narkobaronlarından biri hesab edən ABŞ də, əməliyyata kəşfiyyat dəstəyi verdiyini təsdiqləyib.

Bəs ölümü ilə Meksikada xaosa səbəb olan, ölkəsini, az qala müharibə meydanına çevirən El Menço kimdir?

Polislikdən narbaronluğa

17 iyul 1966-cı ildə Miçoakan ştatında fermer ailəsində anadan olan Nemesio Osequera Servantes cinayət aləminə atılmazdan əvvəl cinayətkarlığa qarşı mübarizə aparıb - keçmiş polis əməkdaşı olub.

Gənc yaşlarından kriminal aləminə qoşulan və 1990-cı illərdə ABŞ-yə köç edən El Menço Kaliforniyada heroin alverinə görə 3 il həbsdə yatıb.

Azadlığa çıxdıqdan sonra Meksikaya qayıdan El Menço kiçik miqyaslı narkotik ticarəti ilə məşğul olub, daha sonra sifarişli qətllər törədib və yerli qruplaşmalara rəhbərlik mərhələsinə qədər yüksəlib.

Kölgədə qalmağı seçən lider

El Menço ictimaiyyətdən gen durmağı üstün tuturdu. Az sayda fotoşəkli olan narkobaron 2017-ci ildən bəri Amerikan məhkəmələrində narkotik qaçaqmalçılığı və odlu silah istifadəsi kimi cinayətlər üzrə dəfələrlə qiyabi mühakimə olunub.

O, qısa müddətdə beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi formalaşdıraraq "Xalisko Yeni Nəsil Karteli"nin (CJNG) qurucusu və liderinə çevrilib. CJNG son illərdə Meksikanın ən aqressiv və sürətlə böyüyən kartellərindən biri kimi tanınırdı.

El Menço uzun illər hüquq-mühafizə orqanları üçün “əlçatmaz” fiqur sayılırdı. Az sayda fotosunun mövcudluğu, dağlıq ərazilərdə gizlənməsi və dar təhlükəsizlik çevrəsi ilə hərəkət etməsi onun ətrafında müəyyən “mif” formalaşdırmışdı. ABŞ Dövlət Departamenti onun tutulmasına görə 15 milyon dollara qədər mükafat vəd etmişdi.

Narkobaronun şəxsi sərvəti

El Mençonun şəxsi sərvəti 500 milyon-1 milyard dollar arasında qiymətləndirilir.

İddialara görə, onun rəhbərlik etdiyi CJNG-nin ümumi aktivləri təxminən 50 milyard dollara çatıb. Bu vəsaitin lüks villalar, qızıl işləməli silahlar, bahalı avtomobil kolleksiyaları, geniş torpaq sahələri və avokado plantasiyaları kimi müxtəlif aktivlərdən ibarət olduğu qeyd edilir. Hətta onun şəxsi müalicəsi üçün xüsusi xəstəxana tikdirdiyi barədə də məlumatlar yayılmışdı.

Necə öldürüldü?

Meksika hökumətinin açıqlamasına görə, Nemesio Osequera Servantes Tapalpa bölgəsində keçirilən hərbi əməliyyat zamanı zərərsizləşdirilib. Əməliyyatdan dərhal sonra ştatın müxtəlif ərazilərində kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurmalar yaşanıb.

Yerli mənbələr avtomobillərin yandırıldığını və əsas magistral yolların bağlandığını bildirir. Hadisə ölkədə təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.

Kartel üzvləri liderlərinin ölümünə cavab olaraq ölkənin bir çox bölgəsində zorakılığa əl atıblar.

20-dən çox ştatda 250-dən çox yol blokadaya alınıb, avtomobillər, avtobuslar və obyektlər yandırılıb. Bundan başqa, təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmalar baş verib və bir sıra şəhərlərdə hava limanlarında panika və uçuşların ləğv edilib.

Hökumət əhaliyə evdə qalmaqla bağlı çağırış edib. Mexsika prezidenti Klaudiya Şeynbaum bildirib ki, Meksikanın əksər hissəsində gündəlik həyat normal davam edir. “Federal hökumət bütün ştatlarla koordinasiyalı şəkildə işləyir. Təhlükəsizlik qüvvələri yol blokadalarını aradan qaldırmaq və sabitliyi bərpa etmək üçün əməliyyatları davam etdirir. Əhali sakitliyə çağırılıb və hökumət təhlükəsizliyi təmin etmək üçün tədbirləri gücləndirib”.

Dünyanın ən təhlükəli narkotik ticarətçisi olan CJNG qruplaşmasına qarşı genimiqyaslı əməliyyat və qruplaşma lideri El Mençonun məhv edilməsi beynəlxalq aləmdə ciddi reaksiya doğurub.

ABŞ bu əməliyyatı “çox mühüm nailiyyət” adlandırıb.

Bundan başqa, ABŞ, Azərbaycan və Türkiyə də daxil, bir sıra ölkələr öz vətəndaşlarına təhlükəsizlik xəbərdarlıqları yayıb, aviaşirkətlər təhlükəsizlik səbəbilə uçuşları müvəqqəti dayandırıb.

Risklər hələ qalır

El Mençonun öldürülməsi Meksika hökuməti üçün böyük strateji uğur hesab olunur: kartelin rəhbər strukturu ciddi zərbə alıb və ABŞ-Meksika təhlükəsizlik əməkdaşlığı güclənib. Bununla belə, ekspertlər hesab edirlər ki, CJNG kimi geniş şəbəkəyə malik təşkilatın tam zərərsizləşdirilməsi üçün uzunmüddətli və sistemli strategiya tələb olunur.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
14
yenisabah.az

1Источники