RU

"Azərbaycan üçün sülh yalnız təhlükəsizlik məsələsi deyil" - Deputat

"Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası sıradan diplomatik tədbir deyil, Cənubi Qafqazın siyasi arxitekturasında formalaşan yeni mərhələnin beynəlxalq səviyyədə təsdiqidir. İlham Əliyevin Donald Trampın dəvəti ilə bu platformada iştirakı Azərbaycanın artıq proseslərin obyektinə deyil, təşəbbüskar subyektinə çevrildiyini göstərir. Bu fakt öz-özlüyündə siyasi çəkini və diplomatik mövqeni nümayiş etdirir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Rövşən Muradov bildirdi.

Millət vəkili qeyd etdi ki, ABŞ Prezidentinin çıxışında Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülhə xüsusi yer ayırması, müharibənin iqtisadi və humanitar xərclərini vurğulaması əslində rəsmi Bakının illərdir irəli sürdüyü rasional mövqeyin təsdiqi idi:

"Müharibənin qiymətinin sülhün dəyərindən qat-qat artıq olduğunu ifadə edən mesaj həm iqtisadi, həm də siyasi baxımdan mühüm məna daşıyır. Bu yanaşma Azərbaycanın postmünaqişə mərhələsində irəli sürdüyü inkişaf və əməkdaşlıq gündəliyi ilə üst-üstə düşür. Çünki Azərbaycan üçün sülh yalnız təhlükəsizlik məsələsi deyil, həm də regional iqtisadi inteqrasiyanın, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının və investisiya mühitinin genişlənməsinin əsas şərtidir. Nikol Paşinyan ilə eyni platformada, o cümlədən qeyri-rəsmi formatda təmasın baş tutması göstərir ki, uzunmüddətli gərginlik mərhələsi artıq daha sistemli və rəsmi danışıqlar müstəvisinə keçir. Bununla belə, prosesi yekun nəticə kimi qiymətləndirmək hələ tezdir. Sülhün davamlılığı yalnız siyasi bəyanatlarla deyil, hüquqi mexanizmlər və iqtisadi maraqların uzlaşdırılması ilə təmin oluna bilər".

Rövşən Muradov hesab edir ki, strateji baxımdan Azərbaycanın əsas qazancı beynəlxalq legitimliyin möhkəmlənməsi və regional təşəbbüslərdə aparıcı rolunun qəbul edilməsidir.

"Sülh Şurasında baş verənləri Azərbaycan diplomatiyasının növbəti strateji uğuru kimi də qiymətləndirmək olar. Vaşinqton platformasında Azərbaycanın tərəf kimi deyil, təşəbbüskar və məsuliyyətli aktor kimi təqdim olunması, ABŞ Prezidentinin açıq təşəkkürü və prosesin qlobal siyasi diqqət mərkəzində baş tutması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən amillərdir. Sülh Şurasında baş verənləri həm də, postmünaqişə dövründə Cənubi Qafqazda sabitliyin və əməkdaşlıq modelinin formalaşması baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilərik. Bu, təsadüfi deyil, hesablanmış və uzunmüddətli siyasətin nəticəsi, həmçinin yeni strateji mərhələnin başlanğıcıdır", - deyə o qeyd etdi.

Nuriyyə NATİQQIZI

Избранный
12
1
redaktor.az

2Источники