“Neftçi”nin 15 ilə yaxındır ev oyunlarını keçirdiyi “Neftçi Arena”nın ən böyük tribunası Anatoli Banişevskinin adını daşıyacaq.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
“Neftçi” bununla əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atıb.
Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adı “Cənub” tribunasına verilib.
Xatırladaq ki, bu gün əfsanəvi futbolçu Anatoli Banişevskinin dünyaya gəlməsindən 80 il ötür. 1946-cı il fevralın 23-də Bakıda anadan olmuş Banişevski 1964-1978-ci illər ərzində “Neftçi”də 318 rəsmi oyun keçirib, 136 qola imza atıb. O, 1964-cü ildə SSRİ çempionatının ən yaxşı debütantı seçilib, 1965, 1966 və 1967-ci illərdə isə “33 ən güclü futbolçu” sırasına düşüb. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının bürünc mükafatçısı olan “Banya” SSRİ yığma komandasının heyətində 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medallarını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olub. 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunmuş əfsanə 1997-ci il dekabrın 10-da dünyasını dəyişib və İkinci Fəxri xiyabanda dəfn olunub.
