RU

Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem

Sosial şəbəkələrdə sürücülük təlimi keçən şəxslərin paylaşdığı videolarda tez-tez təhlükəli vəziyyətlərin yarandığını müşahidə edirik. Xüsusilə intensiv hərəkətin olduğu küçələrdə təcrübəsiz sürücülərə dərs keçirilməsi çox zaman qəza təhlükəsi yaradır. Sürücülük öyrənənlərin hərəkətin sıx olduğu yollara çıxarılması həm özləri, həm də digər yol iştirakçıları üçün ciddi riskdir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Milli.Az-a açıqlamasında bildirib ki, təlim məsələsi həqiqətən də bizi narahat edən vacib məqamlardan biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında təlimçilərin sertifikatlaşdırılması ilə bağlı bənd var idi:

"Bu, təlim keçənlərin özlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, kimin normal təlim keçə bildiyinin, kimin isə qeyri-peşəkar sistem qurduğunun müəyyən edilməsi üçün nəzərdə tutulmuşdu. Təəssüf ki, müəyyən səbəblərdən bu məsələ bir qədər diqqətdən kənarda qaldı və bu istiqamətdə ciddi işlər görülmədi".

Bu gün bunun fəsadlarını yaşadığımızı deyən ekspert söyləyib ki, hazırda həm kişilər, həm də xüsusilə qadınlar arasında kifayət qədər çox təlimçi var. Onların bir çoxu yol hərəkəti qaydalarını özləri səhv bildiyi üçün tələbələrə də yanlış öyrədirlər:

"Nəticə etibarilə biz keyfiyyətli sürücü kontingenti yaratmaq istədiyimiz halda, tamamilə əks mənzərə ilə qarşılaşırıq. Bu məsələyə ciddi nəzarət olunmalıdır".

E.Muradlı hesab edir ki, həm sürücülük məktəbləri, həm də təlimçilərlə bağlı sistemli sertifikatlaşdırma prosesi tətbiq edilməlidir:

"Əsas həll yolu təlimçilərin özlərinin peşəkar təlimlərə cəlb olunmasıdır. Təlimçi nə qədər peşəkar olarsa, onun yetişdirdiyi sürücülər də bir o qədər məsuliyyətli olar. Bu isə yollarda qəzaların və qayda pozuntularının sayının azalmasına, daha təhlükəsiz hərəkət mühitinin formalaşmasına gətirib çıxarar".

Mina Mikayılova
Milli.Az

Избранный
5
3
milli.az

4Источники