Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Milli.Az-a açıqlamasında bildirib ki, təlim məsələsi həqiqətən də bizi narahat edən vacib məqamlardan biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında təlimçilərin sertifikatlaşdırılması ilə bağlı bənd var idi:
"Bu, təlim keçənlərin özlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, kimin normal təlim keçə bildiyinin, kimin isə qeyri-peşəkar sistem qurduğunun müəyyən edilməsi üçün nəzərdə tutulmuşdu. Təəssüf ki, müəyyən səbəblərdən bu məsələ bir qədər diqqətdən kənarda qaldı və bu istiqamətdə ciddi işlər görülmədi".
Bu gün bunun fəsadlarını yaşadığımızı deyən ekspert söyləyib ki, hazırda həm kişilər, həm də xüsusilə qadınlar arasında kifayət qədər çox təlimçi var. Onların bir çoxu yol hərəkəti qaydalarını özləri səhv bildiyi üçün tələbələrə də yanlış öyrədirlər:
"Nəticə etibarilə biz keyfiyyətli sürücü kontingenti yaratmaq istədiyimiz halda, tamamilə əks mənzərə ilə qarşılaşırıq. Bu məsələyə ciddi nəzarət olunmalıdır".
E.Muradlı hesab edir ki, həm sürücülük məktəbləri, həm də təlimçilərlə bağlı sistemli sertifikatlaşdırma prosesi tətbiq edilməlidir:
"Əsas həll yolu təlimçilərin özlərinin peşəkar təlimlərə cəlb olunmasıdır. Təlimçi nə qədər peşəkar olarsa, onun yetişdirdiyi sürücülər də bir o qədər məsuliyyətli olar. Bu isə yollarda qəzaların və qayda pozuntularının sayının azalmasına, daha təhlükəsiz hərəkət mühitinin formalaşmasına gətirib çıxarar".