Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Proyssen Münster”lə oyunun iştirakçısı olub.
Səfərdə baş tutmuş 5 qolluq bu görüş “Kayzerslautern”in 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext uzun fasilədən sonra Emreliyə də şans verib. Ötən ilin noyabrında aldığı ağır zədədən sonra bərpa prosesi keçən azərbaycanlı hücumçu nəhayət ki, sıraya dönüb. O, 88-ci dəqiqədə meydana buraxılıb.
23 turdan sonra 37 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 23 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 6 oyuna çıxıb, 1 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
