İspaniya La Liqasının 25-ci turunun “Levante”yə qarşı ev oyunu “Barselona”nın sağ cinah hücumçusu Lamin Yamal üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “Kamp Nou”da baş tutmuş görüş Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
Nəticədə Yamal “blauqrana”nın heyətində 100-cü qələbəsinə sevinib. Gənc hücumçu darmadaına məhsuldar ötürmə ilə töhfəsini verib.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal cari mövsümdə “blauqrana”nın heyətində 33 oyuna çıxıb. O, bu oyunlarda 15 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 139 oyun, 40 qol və 48 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.
