Tbilisi, 22 fevral, AZƏRTAC
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının (GAMİ) təşkilatçılığı ilə Marneuli bələdiyyəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Saqareco, Bolnisi, Qardabani və Marneuli bələdiyyələrindən, eləcə də Tbilisi şəhərindən gəlmiş məktəb direktorları, müəllimlər, ziyalılar, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi iştirak edib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra axund Namiq Xəlilov şəhidlərin ruhuna dualar oxuyub.
Tədbirdə çıxış edənlər 34 il öncə Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliyin insanlığa qarşı cinayət olduğunu bildiriblər. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, müxtəlif yaşlı 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirib.
İştirakçılar Xocalı şəhərinin artıq işğaldan azad olunduğunu və doğma sakinlərinin bu gün öz yurd yerlərinə qayıtdıqlarını qeyd ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi