“Neftçi”nin kamerunlu hücumçusu Vensan Abubakar son vaxtlar əsas heyətdə yer almır.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun fiziki durumunun hələ də ideal səviyyəyə çatmaması göstərilir.
34 yaşlı forvard ötən ilin oktyabrında “ağ-qaralar”a qoşulub. O, yanvarda Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında 4 kilo çəki atsa da, baş məşqçi Yuri Vernidub onun hazırkı vəziyyətindən tam razı deyil. Ukraynalı mütəxəssis V. Abubakardan əlavə 2-3 kilo arıqlamasını tələb edib.
Təcrübəli hücumçunun digər problemi isə dizlərindəki xroniki zədələrdir. Sabiq “Beşiktaş”lı hər iki ayağında zaman-zaman ağrılar hiss etdiyini və 90 dəqiqə meydanda mübarizə aparmağın ona çətinlik yaratdığını etiraf edib.
V. Abubakar “Neftçi” ilə mövsümün sonunadək müqavilə imzalayıb. Razılaşmaya əsasən, tərəflərin əməkdaşlığı daha 1 il uzadıla bilər. Bunun üçün futbolçunun performansı əsas şərt olacaq.
Premyer Liqanın indiyədək olan hissəsində 4 qol vurmuş V. Abubakar hazırda Bassala Sambunun kölgəsində qalıb.