RU

Ramazanda siqareti tərgitmək asandır - Bu yollarla

Ramazan ayı bir çox insanlar üçün siqaretdən imtina etmək və zərərli vərdişlərdən uzaqlaşmaq baxımından mühüm fürsət hesab olunur. Gün ərzində uzun müddət siqaret çəkilməməsi orqanizmin nikotinə olan ehtiyacını tədricən zəiflədir və bu dövrdə düzgün yanaşma ilə siqareti tam tərgitmək mümkündür. 

"Yeni Sabah"  xəbər verir ki, mütəxəssislər Ramazan müddətində siqareti daha asan tərgitməyə kömək edən bir sıra sadə, lakin təsirli üsullar tövsiyə edirlər.

Həkimlərin fikrincə, iftarla obaşdan arasında kifayət qədər su qəbul etmək nikotin asılılığının yaratdığı istəyi zəiflətməyə kömək edir. Xüsusilə iftardan sonra siqaret çəkməyə meylli olan şəxslər üçün su içmək alternativ davranış formalaşdırır və bədəndə yığılan zərərli maddələrin xaric olunmasını sürətləndirir. Maye qəbulu həm də siqaretdən imtina prosesində yaranan gərginlik və narahatlıq hissini azalda bilər.

Həkimlər bildirirlər ki, nanə də siqaret istəyini azaltmağa kömək edən təbii vasitələrdən biridir. Nanə çayı və ya nanə yarpağı ağızda xoş dad yaradaraq siqaret çəkmə arzusunu zəiflədir və nəfəs yollarını təravətləndirir. Bu üsul xüsusilə yeməkdən sonra yaranan siqaret ehtiyacını azaltmaq baxımından faydalı sayılır.

Qidalanma rejimi də bu prosesdə mühüm rol oynayır. Hər gün bir stəkan təzə pomidor suyu qəbul etməyin bədənin nikotindən təmizlənməsinə dəstək verdiyi, eyni zamanda vitamin və antioksidantlarla orqanizmi gücləndirdiyi bildirilir. Tərəvəz və meyvələrin rasionda artırılması ümumi sağlamlıq vəziyyətini yaxşılaşdıraraq siqaretdən imtinanı asanlaşdıra bilər.

Ramazan dövründə formalaşan yeni gündəlik rejim siqaretlə bağlı vərdişlərin dəyişdirilməsi üçün əlverişli şərait yaradır. Davamlılıq və düzgün həyat tərzi seçimi sayəsində bu müddət siqaretsiz həyata keçid üçün real başlanğıc nöqtəsinə çevrilə bilər.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Избранный
18
2
yenisabah.az

3Источники