RU

Putin yeni səfərbərliyə hazırlaşır? Yeni qanun tələbələri də müharibəyə sürükləyir

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Vladimir Putin Rusiyada məcburi qismən səfərbərliyin yenidən bərpası üçün zəmin yaradır.

“AzPolitika” bildirir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun ekspertləri yazırlar.

Analitiklərin fikrincə, müqavilə əsasında orduya cəlb olunanların sayı artıq cəbhədəki itkiləri kompensasiya etmir. “Bloomberg” agentliyinin mənbələrinə istinadən bildirilir ki, 2026-cı ilin yanvarında Rusiya Silahlı Qüvvələrinə yazılan yeni müqaviləlilərin sayı cəbhədəki itkilərdən 9 min nəfər az olub.

Kadr çatışmazlığının başqa bir göstəricisi isə hakimiyyətin atdığı addımlardır. Fevralın 18-də Dövlət Duması birinci oxunuşda “tarixi həqiqətin təhrifinə” və “Vətəni müdafiə etmək borcundan yayınmaya” qarşı qabaqlayıcı tədbirləri gücləndirən qanun layihəsini qəbul edib. Analitiklərin fikrincə, sənəd Kremlə ehtiyatda olanların çağırılmasını tənqid edən vətəndaşları hüquqi əsasla təqib etmək imkanı verə bilər.

İnstitutun ekspertləri həmçinin Rusiyada “Telegram”ın işinin ləngidilməsini informasiya məkanına nəzarətin gücləndirilməsi və hökumətə və ya hərbi əməliyyatlara qarşı tənqidlərin məhdudlaşdırılması cəhdi kimi qiymətləndirirlər.

Bununla paralel olaraq tələbələrin aktiv şəkildə cəbhəyə cəlb edilməsi prosesi gedir. Fevraldan etibarən Sankt-Peterburqda tələbələrə Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif olunur. “Bumaqa” nəşrinin məlumatına görə, tələbələrə qeyri-adi və imtiyazlı şərtlər vəd edilir: guya xidmət sayəsində universitetdən xaric olunmadan yayınmaq mümkündür və müqavilə cəmi bir il müddətinə bağlanır.

Ukrayna ilə müharibədə iştirak üçün təşviqatın aparıldığı ali məktəblər arasında “Moskva Dövlət Universiteti”, Bauman adına Moskva Texniki və Xalqlar Dostluğu Universitetinin adları var. Ali İqtisadiyyat Məktəbi zəif oxuyan tələbələrə universitetdən xaric edilmək əvəzinə Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı təklif edir. Plexanov adına Rusiya İqtisadiyyat Universitetində isə qrup nümayəndələrinə tələbələri pilotsuz aparat qoşunlarına cəlb etmək tapşırığı verildiyi bildirilir.

ABŞ Müharibənin Öyrənilməsi İnstitutu qanun layihəsini mümkün qismən səfərbərliyin əlaməti kimi qiymətləndirir. Sənəddə “Vətənin təhlükədə olduğu” və onun müdafiəsinin vətəndaş borcu olduğu geniş şəkildə izah edilir. Layihənin həmmüəllifləri arasında Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov və xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması komitəsinin rəhbəri Vasily Piskaryov də var.

Siyasi ekspert Sergey Şelinin fikrincə, layihənin qanuna çevrilməsində problem olmayacaq. Lakin o hesab edir ki, 2022-ci ilin payızında baş verən genişmiqyaslı qismən səfərbərliyin təkrarı üçün hələlik açıq əlamətlər yoxdur. Onun sözlərinə görə, hakimiyyət daha çox insan resurslarını artırmaq üçün məhdud və məcburi tədbirlərə üstünlük verə bilər.

Tələbələrin cəlb olunması məsələsinə münasibət bildirən Sergey Şelin qeyd edib ki, orduda insan resursu çatışmır və tələbələr savadlı kadrlar kimi böyük potensial hesab olunur. Onun sözlərinə görə, Rusiyada milyonlarla tələbə var və bu, ciddi resursdur. Lakin hələlik hakimiyyət daha çox formal könüllü müqavilə mexanizmlərindən istifadə etməyə çalışır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
azpolitika.info

1Источники