RU

TikTok un nitq təlimçisi: Nitqini inkişaf etdir, özünü ifadə et

ain.az, Azvision portalına istinadən məlumat yayır.

– Özünüzü qısaca tanıdardınız: Aynurə Kayınbəyova kimdir və TikTok-da nə öyrədirsiniz?

Mən nitq təlimçisi və şəxsi inkişaf mentoruyam. Uzun illərdir insanlarla işləyirəm və ən çox qarşılaşdığım sorğu budur: insan çox şey bilir, amma onu ifadə edə bilmir. Mənim işim məhz bu boşluğu doldurmaqdır. İnsanlara fikirlərini aydın, məntiqli və təsirli şəkildə çatdırmağı öyrədirəm. TikTok-da isə bunu daha praktik formada edirəm – real danışıq nümunələri, gündəlik situasiyalar, iş müsahibəsi simulyasiyaları, auditoriya qarşısında çıxış məşqləri və bədən dili ilə bağlı konkret tövsiyələr paylaşırım. Məqsədim sadəcə “düzgün danışın” demək deyil, insanlara necə danışmalı olduqlarını göstərməkdir. – "TikTok" sizə Azərbaycan dilini daha cəlbedici etmək üçün hansı imkanlar açıb?

TikTok mənə dili canlı göstərmək imkanı verib. Əvvəllər nitq qaydaları daha çox nəzəri şəkildə təqdim olunurdu. İndi isə saniyələr içində bir ifadənin yanlış və düzgün formasını göstərmək mümkündür. İnsan həm eşidir, həm görür, həm də emosiyanı hiss edir. Bu, dili daha real və yaxın edir. Üstəlik, qısa və dinamik format dili “dərs” kimi yox, həyatın içində bir bacarıq kimi təqdim etməyə imkan yaradır. – TikTok-un insanların Azərbaycan dilində daha səlis və gözəl danışmağı öyrənməsinə təsiri barədə nə düşünürsünüz? Məncə, düzgün istifadə olunduqda TikTok çox güclü öyrənmə platformasıdır. Çünki burada nəzəriyyə yox, praktik nəticə göstərilir. Məsələn, eyni cümləni iki fərqli tərzdə deyib fərqi nümayiş etdirmək insanların dərhal diqqətini çəkir. Bu, şüurlu danışıq vərdişi formalaşdırır. İnsan anlayır ki, söz seçimi və doğru səs tonu həqiqətən nəticəyə təsir edir. – Gənclərin Azərbaycan dilinə marağını TikTok-da necə görürsünüz?

Gənclərdə maraq var, amma onlar klassik üsulu qəbul etmirlər. Uzun izahlar onları yormur, sadəcə maraqlandırmır. Onlar sürətli, praktik və əyləncəli yanaşmanı seçirlər. Əgər mövzu həyatla əlaqələndirilirsə – məsələn, iş tapmaq, özünü təqdim etmək, sosial çevrədə daha təsirli olmaq – dərhal diqqət yaranır. Dil onlar üçün artıq qayda deyil, alətə çevrilir.

– Paylaşımlarınızda izləyiciləri ən çox hansı mövzular cəlb edir?

Ən çox auditoriya qarşısında sərbəst danışmaq, iş müsahibəsində özünü düzgün təqdim etmək, həyəcanı idarə etmək və təsirli nitq qurmaq mövzuları maraq doğurur. Çünki bunlar real həyat nəticəsi olan bacarıqlardır. İnsan istəyir ki, danışanda qarşı tərəf onu dinləsin, qəbul etsin və inansın. – Bir videoda həm əyləncəli, həm də maarifləndirici olmaq çətindirmi?

Bəli, asan deyil. Amma balans tapılanda nəticə çox yaxşı olur. Əgər məlumat çox ciddi və ağır təqdim olunarsa, izləyici uzaqlaşır. Əgər yalnız əyləncədirsə, dəyər azalır. Mən çalışıram ki, hər videoda həm fayda olsun, həm də insan onu izləməkdən zövq alsın. – Gənclərə “düzgün danışın” demək, yoxsa maraq yaratmaq daha effektlidir?

Maraq yaratmaq. Çünki insan öz istəyi ilə dəyişəndə nəticə daha qalıcı olur. Əgər göstərsək ki, düzgün danışıq daha çox uğur, daha çox inam və daha çox fürsət qazandırır, o zaman insan özü dəyişmək istəyir. – TikTok-da maarifləndirici kontenti maraqlı saxlamağın sirri nədir?

Sadəlik və tətbiq imkanı. Videoya baxan şəxs düşünməlidir ki, “bunu indi istifadə edə bilərəm”. Üstəlik, danışıq tonu da çox önəmlidir. Rəsmi və uzaq yox, səmimi və real olmaq lazımdır. – Ən çox səhv işlədilən söz hansıdır?

Ən çox qarşılaşdığım problem xarici dillərdən keçən sözlərin yanlış formasıdır. “Detal” yerinə “detay”, “məkan” yerinə “konum”, “artıq” yerinə “uje” kimi ifadələr gündəlik nitqdə normallaşır. İnsan fərqinə varmadan istifadə edir. Amma dilin saflığını qorumaq üçün bu mövzuya diqqət yetirmək vacibdir. – Qısa videolar dil mövzularını anlaşılan etməyə necə kömək edir?

Qısa format diqqəti saxlayır. İnsan bir fikri tez qavrayır və dərhal tətbiq edir. 30-60 saniyədə verilən konkret nümunə uzun izahdan daha təsirli ola bilir. – İzləyicilərinizdən sizi ən çox sevindirən reaksiyalar hansılardır?

“İş müsahibəsində qəbul olundum”, “Çıxış zamanı həyəcanımı idarə etdim”, “Artıq daha inamlı danışıram” kimi mesajlar mənim üçün ən böyük motivasiyadır. Bu rəylər göstərir ki, söz həqiqətən nəticə yaradır. – TikTok izləyicilərinə Ana Dili Günü ilə bağlı mesajınız nədir?

Dil sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin daşıyıcısıdır. Onu qorumaq kifayət deyil, inkişaf etdirmək və düzgün istifadə etmək də bizim məsuliyyətimizdir. Ana dilimizi nə qədər şüurlu və sevərək istifadə etsək, bir o qədər güclü və dəyərli qalacaq. Beynəlxalq Ana Dili Günü münasibətilə bu müsahibə bir daha göstərir ki, dilin inkişafı yalnız dərsliklərlə deyil, həm də TikTok kimi rəqəmsal platforma vasitəsilə mümkündür. Doğru yanaşma və düzgün təqdimatla sosial media Ana dilimizin həm qorunmasına, həm də inkişafına xidmət edə bilər. AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
azvision.az

1Источники