RU

Azərbaycan Cənubi Qafqazda və Mərkəzi Asiyada Yaponiya üçün mühüm tərəfdaş ola bilər – Ekspert

Bakı, 20 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Qlobal logistikanın sürətlə transformasiyası, nəqliyyat marşrutları uğrunda rəqabətin kəskinləşməsi və Avrasiyada iqtisadi strategiyaların yenidən nəzərdən keçirilməsi fonunda Yaponiya ilə Azərbaycan arasında münasibətlər ənənəvi diplomatiya çərçivəsindən kənara çıxır. Burada daha çox geoiqtisadi məsələlər, texnoloji liderlik və uzunmüddətli strateji planlar bir-biri ilə kəsişir. Yaponiya üçün Cənubi Qafqaz və Mərkəzi Asiya regionu daha geniş bağlılıq arxitekturasının bir hissəsinə çevrilir, Azərbaycan üçün isə gündoğan ölkə ilə əməkdaşlıq Şərq ilə Qərb arasında əsas qovşaq rolunu gücləndirmək imkanıdır.

AZƏRTAC-ın bu və digər mövzulara dair suallarını Ali Təhsil Akademiyasının tanınmış üzvü, Yaponiya və Asiya-Sakit okean regionu üzrə ixtisaslaşan beynəlxalq siyasi ekspert Taku Tamaki cavablandırır.

– Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı səviyyəsini necə xarakterizə edərdiniz? Bu tərəfdaşlığın hansı pozitiv nümunələrini qeyd etmək olar?

–Orta dəhlizin inkişafı və möhkəmləndirilməsinə diqqət ayrılması fonunda Yaponiyanın, xüsusilə də strateji əhəmiyyətli sahələrdə Azərbaycana birbaşa xarici investisiyalarının artırılması üçün əhəmiyyətli potensial mövcuddur. Çin və Cənubi Koreya şirkətləri bu istiqamətdə artıq kifayət qədər fəal və nəzərəçarpacaq mövqe tutublar, ardıcıl və praqmatik fəaliyyət göstərirlər. Ola bilsin ki, Yaponiya daha böyük təşəbbüs göstərməli və regionda öz uzunmüddətli iqtisadi prioritetlərini daha aydın şəkildə müəyyən etməlidir.

– Hansı sahələri (energetika, infrastruktur, mədəniyyət, texnologiyalar) ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha da perspektivli hesab edirsiniz?

–Fikrimcə, ən perspektivli sahələr energetika, infrastruktur və texnologiyalardır, çünki məhz bu sektorlar dayanıqlı iqtisadi artımın və strateji qarşılıqlı asılılığın əsasını formalaşdırır. Əgər Baş nazir Sanae Takaiti Hind-Sakit okean baxışının təşviqi və onunla əlaqəli “yüksəkkeyfiyyətli infrastruktur” ixracı çərçivəsində kursu davam etdirərsə, məhz bu üç istiqamətdə Yaponiya öz rəqabət üstünlüklərini daha səmərəli şəkildə reallaşdıra bilər. Bundan əlavə, bu sahələr Azərbaycanın sosial-iqtisadi inkişafının cari prioritetləri ilə yaxşı uyğunlaşır.

– Azərbaycan bərpaolunan enerji və yüksək texnologiyalı sektorları fəal şəkildə inkişaf etdirir. Yaponiya bu təşəbbüsləri investisiyalar və ya birgə layihələr vasitəsilə necə dəstəkləyə bilər?

–Burada əsas rolu Yaponiya texnologiyalarını Azərbaycanın regional imkanları ilə birləşdirməyə imkan verən birgə müəssisələr və biznes əməkdaşlığının digər formaları oynayır. Yaponiya ilə Çin arasında münasibətlərdə yenidən artan gərginlik nəzərə alınmaqla, Baş nazir Takaitinin yapon biznesini daha da diversifikasiya etməyə və Çin bazarından asılılığı azaltmağa təşviq edəcəyi məni təəccübləndirməz. Bu kontekstdə məhz bərpaolunan enerji və yüksək texnologiyalar yapon istehsalçıları və mühəndis şirkətləri üçün cəlbedici istiqamətlərə çevrilə bilər.

– Regionda Yaponiyanın hansı uğurlu investisiya nümunələri Azərbaycan üçün model ola bilər?

–İlk növbədə, bu, xüsusilə də Yaponiyanın ənənəvi olaraq güclü ekspertizaya malik olduğu nəqliyyat infrastrukturu sahəsinə yönəlmiş birbaşa xarici investisiyalarıdır. Bu gün Orta dəhlizin inkişafı və modernləşdirilməsinə artan maraq və real tələbat müşahidə olunur ki, bu da yapon şirkətlərinin iştirakı üçün geniş imkanlar açır. Yaponiya, xüsusilə də “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyası çərçivəsində yüksəkkeyfiyyətli infrastruktura hədəflənən investisiyaları nəzərdə tutan yanaşması ilə mühüm töhfə vermək üçün əlverişli mövqedədir.

– Hesab edirsinizmi ki, Azərbaycan Cənubi Qafqazda və Mərkəzi Asiyada Yaponiya üçün mühüm tərəfdaş ola bilər?

– Bəli, şübhəsiz ki, belə potensial mövcuddur və bu, daha çox Azərbaycanın coğrafi mövqeyi və artan tranzit rolu ilə bağlıdır. Orta dəhliz layihəsi çərçivəsində nəqliyyat infrastrukturunun inkişafına investisiya imkanları və artan tələbat ölkəni yapon biznesi üçün xüsusilə cəlbedici edir. Bundan əlavə, Azərbaycan eyni zamanda bir neçə region arasında əlaqələndirici halqa rolunda çıxış edə bilər.

– Yaponiya ilə Azərbaycan arasında tərəfdaşlıq çərçivəsində yaxın beş ildə hansı təşəbbüsləri xüsusilə vacib hesab edirsiniz?

– Bu, ilk növbədə, nəqliyyat logistikasının inkişafı və infrastruktur sahəsinə yatırılan investisiyalardır ki, onlar uzunmüddətli multiplikativ effekt verə bilər. Məhz bu istiqamətlər yalnız ikitərəfli əlaqələri möhkəmləndirmək deyil, həm də Avrasiya nəqliyyat arxitekturasında Azərbaycanın daha geniş rolunu artırmaq qabiliyyətinə malikdir. Perspektivdə bu cür layihələr digər sektorlarda əməkdaşlığın genişləndirilməsi üçün əsas yarada bilər.

Избранный
36
azertag.az

1Источники