“Uralvaqonzavod” (UVZ) konserni (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) BREM-80 zirehli təmir-təxliyə maşınlarının yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” UVZ-yə istinadən xəbər verir ki, texnika T-80 tankının bazasında hazırlanıb və real döyüş şəraitində qarşıya çıxan tapşırıqlar nəzərə alınaraq modernləşdirilib.
Əsas yeniliklər ekipaj üçün artırılmış müdafiə səviyyəsini, ekipaj maşını tərk etmədən zədələnmiş texnikanın evakuasiyasına imkan verən mexanikləşdirilmiş qoşqu sistemini, həmçinin yolların təmizlənməsi və ağır texnikanın çıxarılması üçün nəzərdə tutulmuş hidravlik lebyodkalar və buldozer bıçağını əhatə edir.
BREM-80 döyüş meydanından həm Rusiya istehsalı tankları, həm də ağır Qərb zirehli texnikasını çıxarmaq qabiliyyətinə malikdir. Qaz-turbin mühərriki sayəsində maşın hətta arktik soyuqda belə dərhal işə düşür və digər texnikanın çətinlik çəkdiyi şəraitdə fəaliyyət göstərə bilir.
Qeyd edək ki, 2018-ci ildə keçirilmiş “RemBat 2018” beynəlxalq müsabiqəsində bu maşın rekord nəticə göstərərək ümumi çəkisi 270 tondan artıq olan altı ədəd birləşdirilmiş T-80 tankını evakuasiya edib.