RU

Azərbaycanın təqdim etdiyi model Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq platformasına çevirib ŞƏRH

Bakı, 20 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasəti üzrə qərar qəbul edən şəxslərin fikir mübadiləsi apardıqları ən mühüm platformalardan biridir. Hər il, o, cari və gələcək təhlükəsizlik çağırışları ilə bağlı intensiv müzakirələr aparmaq üçün dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli xadimləri bir araya gətirir. İştirakçılar arasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, parlament üzvləri, silahlı qüvvələrin yüksəkvəzifəli nümayəndələri, elm xadimləri, vətəndaş cəmiyyətinin, biznes ictimaiyyətinin nümayəndələri, medianın yüksəkvəzifəli üzvləri olur.

Münxen Təhlükəsizlik Konfransı soyuq müharibə dövründə yaranıb. Bugünkü mərhələdə isə dünya nizamı transformasiya mərhələsindən keçir. Geosiyasi qütbləşmə artır, regional münaqişələr qlobal təsir radiusuna malik olur və enerji-logistika xətləri təhlükəsizlik məsələsinin ayrılmaz hissəsinə çevrilir. Belə bir şəraitdə Prezident İlham Əliyevin Münxendə iştirakı təkcə diplomatik protokol hadisəsi deyil, Azərbaycanın dünyanın gələcək təhlükəsizlik müzakirələrində strateji aktor kimi qəbul olunmasının göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib

O bildirib ki, Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində çəkisi üç fundamental dayağa söykənir:

“Enerji amili – Azərbaycan Avropanın və Yaxın Şərqin bəzi ölkələri üçün enerji təhlükəsizliyində mühüm və əsas mənbə rolunu oynayır. Həmçinin dövlətimiz üçün enerji ixracı yalnız iqtisadi deyil, geosiyasi alət funksiyası daşıyır.

Coğrafi mövqe – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsi Azərbaycanın tranzit təhlükəsizliyini beynəlxalq gündəliyin mühüm elementinə çevirir.

Daxili siyasi sabitlik – regional turbulentlik fonunda sabit dövlət idarəçiliyi Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir. Bu üç amilin sintezi ölkəni yalnız resurs ixracatçısı deyil, təhlükəsizlik təminatçısı mövqeyinə yüksəldir”.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığın Cənubi Qafqazda güc balansını dəyişdiyini diqqətə çatdıran politoloq əlavə edib: “Ölkəmiz hərbi mərhələdən siyasi-diplomatik mərhələyə keçidi təmin edərək sülh müqaviləsi təşəbbüsü ilə çıxış edir. Əsas kimi də qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın təşviqi prinsiplərini nəzərdə tutur. Bu yanaşma klassik “qalib diktəsi” deyil, regional təhlükəsizlik arxitekturasının institusional əsaslarla qurulması cəhdidir. Prezident İlham Əliyevin təqdim etdiyi model Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq platformasına çevirməyi hədəfləyir”.

Yalçın Hacızadə bildirib ki, Münxen Təhlükəsizlik Konfransı köhnə nizamın müzakirə platforması kimi çıxış etsə də, Azərbaycan beynəlxalq siyasi sistemin yeni təşkilatına çevrilməsi nəzərdə tutulan Sülh Şurasının da təsisçidir. Münxen Konfransı və Sülh Şurasında iştirakın strateji sinxronizasiyası onu göstərir ki, Azərbaycan artıq regional münaqişələrin subyekti deyil, sülh təşəbbüslərini təşviq edən və ixrac edən fəal aktora çevrilib. Eyni zamanda, postmünaqişə dövründə bərpa və reinteqrasiya sahəsində qazandığı təcrübə beynəlxalq model kimi təqdim olunur. Dövlətimiz əldə etdiyi uğur və biliklərdən yararlanaraq çoxtərəfli diplomatiya vasitəsilə qlobal təhlükəsizlik mexanizmlərində iştirakını getdikcə daha da dərinləşdirir. Yəni Prezident İlham Əliyevin Sülh Şurasına dəvət olunması Azərbaycanın sülh quruculuğu siyasətinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.

Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin Münxen Konfransında iştirakı və Azərbaycanın Sülh Şurasında təsisçi kimi yer alması vahid strateji xəttin elementləridir. Bu siyasət Azərbaycanın yalnız Cənubi Qafqazın deyil, daha geniş məkanın təhlükəsizlik arxitekturasının formalaşmasında rol oynamasına gətirib çıxarıb. Beləliklə, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi və siyasi xətti ilə yeni dünya nizamında regional gücdən “orta güc” statusuna doğru irəliləyir.

Избранный
60
1
azertag.az

2Источники