RU

Sülh Şurasında təmsilçilik Azərbaycanın strateji çəkisini göstərir

“Hazırda beynəlxalq münasibətlər sistemində davam edən mühüm proseslərdə Azərbaycan fəal iştirak edir. Son illər ölkəmiz təkcə regional sabitliyin təminatçısı kimi deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə töhfə verən önəmli aktora çevrilib. Azərbaycanın Sülh Şurasının təsisçi üzvlərindən biri seçilməsi, Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı bu faktı təsdiqləyir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycanı Sülh Şurasına Təsisçi Üzv Dövlət olmağa dəvət etməsi dövlətimzin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Yanvarın 22-də Davosda Sülh Şurası rəsmən elan olunub və Prezident İlham Əliyev Şuranın Nizamnaməsini imzalayıb. Bütün bunlar göstərir ki, Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Digər tərəfdən, dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik rəsmi Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır. Bu baxımdan, fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı qürurvericidir.

Millət vəkilinin fikrincə, Azərbaycanın bu platformada təmsilçiliyi, eyni zamanda ədalətli mövqeyə, beynəlxalq hüquqa və suverenliyə əsaslanan siyasətinin qəbul edildiyini sübut edir. Post-münaqişə dövründə sülh təşəbbüsləri ilə çıxış edən, qarşıdurma yox, əməkdaşlıq xəttini seçən Azərbaycan üçün bu üzvlük yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mərhələ ölkəmizin qlobal sülh və təhlükəsizlik proseslərində aparıcı aktorlardan birinə çevrilməsini daha da sürətləndirir. Nəzərə alaq ki, artıq BMT dünyadakı problemlərin, münaqişələrin həllində rol oynaya bilmir. Belə bir şəraitdə Sülh Şurası münaqişələrin həllində aparıcı platforma ola bilər. Belə bir önəmli platformada Azərbaycanın təmsil olunması isə dövlətimizin diplomatiyasının parlaq uğurudur.
Samir Vəliyev Sülh Şurasının iclasında ABŞ Prezidenti Donald Trampın çıxışında Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlərini xüsusi vurğulayıb. O qeyd edib ki, bu fakt dövlətimizin başçısının nə qədər böyük siyasi xadim və dünyada yüksək nüfuza sahib olduğunu bir daha təsdiqləyir.

Избранный
67
3
publika.az

6Источники