RU

"Azərbaycan sülh gündəliyinə töhfə verən önəmli aktora çevrilib" - Deputat

“Hazırda beynəlxalq münasibətlər sistemində davam edən mühüm proseslərdə Azərbaycan fəal iştirak edir. Son illər ölkəmiz təkcə regional sabitliyin təminatçısı kimi deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə töhfə verən önəmli aktora çevrilib. Azərbaycanın Sülh Şurasının təsisçi üzvlərindən biri seçilməsi, Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı bu faktı təsdiqləyir”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ABŞ Prezidenti Donald Trampın  Azərbaycanı Sülh Şurasına  Təsisçi Üzv Dövlət olmağa dəvət etməsi dövlətimzin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Yanvarın 22-də Davosda Sülh Şurası rəsmən elan olunub və Prezident İlham Əliyev Şuranın Nizamnaməsini imzalayıb. Bütün bunlar göstərir ki,   Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Digər tərəfdən, dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik rəsmi Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır. Bu baxımdan, fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı qürurvericidir.

Millət vəkilinin fikrincə, Azərbaycanın bu platformada təmsilçiliyi, eyni zamanda ədalətli mövqeyə, beynəlxalq hüquqa və suverenliyə əsaslanan siyasətinin qəbul edildiyini sübut edir. Post-münaqişə dövründə sülh təşəbbüsləri ilə çıxış edən, qarşıdurma yox, əməkdaşlıq xəttini seçən Azərbaycan üçün bu üzvlük yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mərhələ ölkəmizin qlobal sülh və təhlükəsizlik proseslərində aparıcı aktorlardan birinə çevrilməsini daha da sürətləndirir. Nəzərə alaq ki, artıq BMT dünyadakı problemlərin, münaqişələrin həllində rol oynaya bilmir. Belə bir şəraitdə Sülh Şurası münaqişələrin həllində aparıcı platforma ola bilər. Belə bir önəmli platformada Azərbaycanın təmsil olunması isə dövlətimizin diplomatiyasının parlaq uğurudur.

Samir Vəliyev Sülh Şurasının iclasında ABŞ Prezidenti Donald Trampın çıxışında Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlərini xüsusi vurğulayıb. O qeyd edib ki, bu fakt dövlətimizin başçısının nə qədər böyük siyasi xadim və dünyada yüksək nüfuza sahib olduğunu bir daha təsdiqləyir.

Deputat söyləyib ki, Donald Trampın hakimiyyətə qayıdışından sonra Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəlki mərhələlərdə ABŞ-ın regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır.

“Ötən il avqustun 8-də Vaşinqtonda cənab Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı. Bu yaxınlarda isə ABŞ-ın vitse-prezidenti cənab Vens ölkəmizə səfər etdi. Bu səfərin ən mühüm məqamı Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması oldu. Beləliklə, Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir”,-deyən millət vəkili əlavə edib ki, Cənubi Qafqazda sülh Azərbaycanla ABŞ-ın ortaq marağındadır və iki dövlət arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb.

 

Избранный
39
1
unikal.az

10Источники