RU

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Kulis.az Ülvi Bahadırın Xalq yazıçısı Kamal Abdullanın "Ruh" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa haqqında yazısını təqdim edir.

Tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Füzuli Dövlət Teatrının kollektivi tərəfindən hazırlanıb.

Teatr yalnız həyatın deyil, həm də insanın daxili dünyasının, onun gizli qalan, etiraf etməkdən çəkindiyi qaranlıq tərəflərinin aynasıdır. Bu ayna bəzən o qədər şəffaf və rəhmsiz olur ki, insan öz əksi ilə qarşılaşanda nəfəsi kəsilir. Məhz bu cür dərin, sarsıdıcı və eyni zamanda təmizləyici bir təcrübə Akademik Milli Dram Teatrının səhnəsində yaşandı. Xalq yazıçısı Kamal Abdullanın qələmindən çıxan, fəlsəfi dərinliyi və mistik aurası ilə seçilən “Ruh” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olundu.

Ötən ilin noyabr ayında premyerası baş tutan səhnə əsərinin Bakıda ilk nümayişi adi bir qastrol səfəri deyildi. Bu, bölgə teatrının paytaxt səhnəsində özünün intellektual və estetik potensialını inamla nümayiş etdirməsi, tamaşaçını isə qlobal və əbədi suallar ətrafında düşünməyə dəvət etməsi idi.

Əsərin əsas qayəsi müasir insanın ən böyük faciələrindən biri olan özünə yadlaşma probleminə toxunur. Kamal Abdullanın yaradıcılığına xas olan postmodernist və mifik elementlər bu əsərdə insanın daxili dünyasına edilən bir səyahətə, bir növ "mənəviyyat arxeologiyasına" çevrilir. Səhnədə cərəyan edən hadisələr insanın özünüdərk prosesinin ən ağrılı, lakin ən zəruri mərhələlərini ehtiva edir.

Dialoqlar sadəcə iki fərqli subyektin söhbəti deyil, bu, insanın öz vicdanı, şüuraltısı və ilahi başlanğıcı ilə üzləşməsidir. Rejissor bu dialoqları elə bir estetik dildə qurub ki, tamaşaçı özünü kənardan müşahidə edən passiv bir izləyici kimi yox, bu daxili “məhkəmə”nin bir iştirakçısı kimi hiss edir. Rəmzi səhnələr və təkrarlanan mistik motivlər daxili təlatümlərin vizual və mənəvi xəritəsini cızır. İnsanın öz varlığına, yaranış məqsədinə və həyatın faniliyinə dair verdiyi suallar səhnədə poetik bir ifadə tapır, sözlər formadan çıxıb hissə, duyğuya çevrilir.

Xalq

Klassik dramaturgiyadan fərqli olaraq “Ruh” tamaşasında zaman və məkan sabitliyi yoxdur. Səhnə gah travmalarının boy atdığı keçmişə qayıdır, gah da qeyri-müəyyən, xəyalpərəst və bəzən də qorxunc gələcəyə sıçrayır. Bu yanaşma əsərin mistik ruhuna və insan psixologiyasının işləmə mexanizminə tam uyğundur. Axı insan zəkası da xətti deyil; biz eyni anda həm keçmişin xatirələrində, həm bu günün reallığında, həm də gələcəyin qayğılarında yaşayırıq.

Səhnədə fövqəlzamanlıq ideyasına tabe edilmiş xüsusi abstrakt mühit yaradılmışdı. Dekorasiyalar konkret bir coğrafiyanı və ya dövrü ifadə etmirdi.

Bu, insan zəkasının, daxili dünyasının landşaftıdır…

Labirintlər, qaranlıq dəhlizlər və qəfil parlayan şam işığı…

Məkanın bu cür həlli hadisələrin istənilən yerdə və istənilən insanın daxilində baş verə biləcəyini vurğulayır. Səhnə özlüyündə bir kainat, xarakterlərin zehni isə o kainatın mərkəzidir.

Tamaşada diqqət çəkən əsas cəhətlərdən biri personajların təbiətidir. Onlar ətdən və sümükdən ibarət insanlardan daha çox, rəmzi mahiyyət daşıyan arxetiplərdir. Ətrafdakı hər bir xarakter əslində, bir insanın müxtəlif tərəfləridir.

Hamızın tərki-dünyayıq!

Hamımız qorxağıq!

Hamımız şübhəliyik!

Hamımız narahatıq!

Hamımız ağciyərik!

Hamımız kimsəsizik!

Heç vaxt, bəzən və bir çox hallarda!

Xalq

Hər xarakter Ruhun psixoloji portretinin fərqli bir ştrixini, onun daxili parçalanmasını nümayiş etdirir. Biri onun qorxularını, digəri gizli ümidlərini, bir başqası isə basdırılmış düşüncələrini və ehtiraslarını təcəssüm etdirir.

Bu prizmadan yanaşdıqda səhnədəki çoxluq əslində, təkliyin, mütləq yalnızlığın nümayişidir.

Ruh-İnsan öz daxili "mən"lərinin xoru qarşısında təkdir.

Aktyorların oyun üslubu bu simvolik yükü ustalıqla daşıyır. Onların hərəkətləri, plastikası və nitqi məişət reallığından uzaqlaşıb ritualları, ayinləri xatırladan bir estetikaya qovuşur. Bu isə tamaşanın metafizik aurasını daha da gücləndirir.

Səslər tamaşada sadəcə fon deyil, danışan, ağlayan və susan görünməz personajdır.

Bəzən xaosu, psixoloji gərginliyi ifadə edən dissonans səslər, bəzən də ruhun sakitliyə qovuşmasını tərənnüm edən melodiyalar hadisələrin daxili ritmini tənzimləyir. Mistik motivlərin səslərlə vəhdəti tamaşaçını Ruh-İnsanın daxili dünyasının dərinliklərinə doğru çəkib aparır, hər bir akkord insanın içindəki uçuruma baxdığı anın həyəcanını əks etdirir.

Ruh yalnız soyuq bir metafizik kateqoriya, mücərrəd bir anlayış deyil. O, daxildə illərlə sönük qalmış işıq, həqiqət axtarışının mütləq mənzili və mənəvi təmizliyin rəmzidir.

Ruhla qarşılaşmaq heç də asan deyil; bu, bütün yalanlardan, illüziyalardan və maskalardan qurtulmaq deməkdir. Personajların ruhla təması, onun qarşısında acizliklərini və eyni zamanda, böyüklüklərini dərk etmələri qədim yunan faciələrində olduğu kimi bir katarsis, mənəvi təmizlənmə yaradır. İnsan öz qaranlığı ilə üzləşmədən öz işığına qovuşa bilməz. Tamaşa elə bu fəlsəfi postulatı fərqli rakurslardan araşdırır...

Mənəvi təkamül, bütövləşmə tamaşaçıya böyük ümid verir. Bu ümid insanın bütün xaos və daxili münaqişələrə baxmayaraq, öz həqiqi kimliyini, daxili sakitliyini tapa biləcəyinə dair bir inamdır.

Xalq

“Ruh” tamaşası səs-küylü dünyada bir anlıq dayanmaq, gözlərimizi qapayıb daxilimizdəki susdurulmuş səslərə, “rəfə qoyulmuş” suallara və ən əsası, öz ruhumuza qulaq asmaq üçün gözəl bir fürsətdir. Bu, eləcə səhnədən salona baxılan bir tamaşa deyil, salondakı hər bir fərdin öz daxili aynasına baxdığı bir introspeksiya seansıdır. Təsadüfi deyil ki, tamaşa bitdikdən sonra belə izləyici öz düşüncələri, Ruh-İnsanla bərabər yaşadığı daxili dialoqları ilə uzun müddət baş-başa qalır. Və bəlkə də əsl sənətin gücü məhz budur: pərdələr endikdən sonra ruhumuzda başlayan əsl tamaşa.

Избранный
13
2
kulis.az

3Источники