RU

Gəncədə gənclərin maraqlı festivalı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncədə bir qrup gənci birləşdirən, ən əsası, maddi  təmənnasız şərtlərlə fəaliyyət göstərərək, yalnız maarifçi və mənəvi inkişaf məqsədlərinə xidmət edən  və bu günlərdə bir yaşı tamam olan “Dünyəvi elmlərin inkişafı institutu”adlanan qurum öz maraqlı tədbir və təşəbbüsləri ilə tanınır. Bu haqda “525-ci qəzet”in səhifələrində gedən bir neçə yazıda onun üzvlərinin orta məktəblərdə qiraətxanaların, ədəbi dərnəklərin, müxtəlif bilik yarışmalarının təşkili, eləcə də Gəncənin professional səhnələrində özlərinin yazdığı tarixi süjetli kiçik pyeslər oynamaqla gənc tamaşaçılar teatrı ənənəsi formalaşdırmaq  və digər bu kimi gərəkli səyləri haqda  məlumat vermişdik.Bu günlərdə isə sözügedən gurumun fəaliyyətə başlamasının bir illiyi münsaibətilə Gəncənin Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində uşaqlar və gənclər üçün  festival təşkil olunub.

“Gənc ədiblər festivalı” adı altında keçirilən tədbir təşkilatın tərkibində olan Gənc Ədiblər Məclisinin maraqlı quruluşda düşünülmüş bir təşəbbüsü kimi yadda qalıb.

Rəsm əsərləri sərgisi, maraqlı təqdimatlar, oyunlar, musiqili qonaqlar, həmçinin özfəaliyyət nömrələri və digər məziyyətləri ilə yanaşı festival aksiya və stendlərinin adı və mahiyyəti ilə diqqət çəkib.

Qurumun yaradıcısı və rəhbəri Kənan Yusifzadənin  bu bölmələrin məramı və onların adlarının necə deyərlər, “açma”sı, eləcə də bu işlərdə əməyi keçənlər haqda verdiyi məlumat elə festivalın gənclərə yönəlik faydalı proqrqmını izah edir:

“Festival yalnız əyləncə məkanı deyil, eyni zamanda intellektual və maarifçi bir mühit yaratmağı qarşısına məqsəd qoyub.Tədbirin tərəfdaş qurumları burada öz stendlərini təqdim edirdilər. Uşaqlar və gənclər müxtəlif intellektual oyunlarda iştirak edir, biliklərini nümayiş etdirir və bunun müqabilində kiçik hədiyyələr də qazanırdılar. İştirakçılara festivalın simvolik “Gənclik pasportu” təqdim olunurdu. Yarış və digər uğurlara görə həmin “pasport”a “möhür”vurulurdu ki, bu da motivasiya xaraketi daşıyırdı. Tərəfdaşlarımızdan olan nəşriyyatların stendlərində iştirakçılar klassik və müasir ədəbiyyatla bağlı sualları cavablandırmaqla da hədiyyə kitablar əldə edirdilər.

Abituriyent hazırlıq müəssisələrinin  stendlərində isə təqdim olunan suallara uğurlu cavablar müqabilində pulsuz sınaq kuponları verilirdi.

Festival çərçivəsində valideyn himayəsindən məhrum və imkansız uşaqlar üçün 2020-ci ildən etibarən peşə dərsləri təşkil edən  “Birinci oğullar” İctimai Birliyi və onun rəhbəri Fərid Verdiyev tərəfindən ayrıca “Məşğulluq guşəsi” də yaradılmışdı. 

Festivalın keçirilməsinə dəstək olanlar sırasında Gəncə Maarif Evini də qeyd etməliyik. Kəlbəcər Uşaq İncəsənət Məktəbinin şagirdləri isə festivalda öz rəsm əsərlərini sərgiləyərək, tədbirə estetik rəng qatııblar”.

Tədbirə dəvət olunan ziyalılar öz çıxışlarında gənclərin bu təşəbbüslərini təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Zakir Muradov,

Gəncə

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
525.az

1Источники