RU

Ramazanda yanlış bildiyimiz doğrular: İlahiyyatçı yaranmış fikir ayrılıqlarına aydınlıq gətirdi...

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ramazan ayının başlanması ilə bəzən cəmiyyətdə həm dini, həm də gündəlik həyata dair suallarla bağlı fikir ayrılıqları yaranır. Orucun təkcə aclıq və susuzluqdan ibarət olmadığı, eyni zamanda insanın mənəvi dünyasını tərbiyə edən, davranışlarını formalaşdıran və ictimai münasibətləri möhkəmləndirən bir ibadət olduğu bu ayda bir sıra mövzular xüsusi maraq doğurur. Diş fırçalamaq, iynə vurmaq, ətirdən istifadə etmək orucu pozurmu, hansı hallarda oruc tutmamaq günah sayılmır, sağlamlıqla bağlı risklər dini baxımdan necə dəyərləndirilməlidir kimi suallar hər il olduğu kimi yenidən gündəmə gəlir.

Xüsusilə sağlamlıq, məişət qayğıları, qadınlara və xəstələrə aid şəri hökmlər, eləcə də orucun fərdi və ictimai mahiyyəti ilə bağlı məsələlər müzakirə olunur.

Bu baxımdan Ramazan ayı ilə əlaqədar ən çox verilən suallara aydınlıq gətirmək, mövcud yanlış təsəvvürləri aradan qaldırmaq və cəmiyyət üçün doğru dini bilgiləri təqdim etmək xüsusi əhəmiyyət daşıyır.

Moderator.az Ramazan ayı ilə bağlı cəmiyyətdə müxtəlif fikirlərə səbəb olan bu məsələlərə aydınlıq gətirmək məqsədilə ilahiyyatçı Ağa Hacıbəylinin mövqeyini öyrənib.

İlahiyyatçı qeyd edib ki, biz Ramazana bir məktəb kimi baxırıq – 30 gündən ibarət olan bir kurs kimi:

"Lakin bu, İslamın bütün əsas tezislərini özündə ehtiva edən bir məktəbdir. Yəni cəmi bir ay olsa belə, ayların içərisində xüsusi yerə malikdir.

Öncə onu qeyd edim ki, Ramazan yeganə aydır ki, adı Qurani-Kərimdə zikr olunur. Həm də Ramazan oruc ayıdır. Oruc İslamın beş əsas sütunundan biridir və bu ibadət Ramazan ayında yerinə yetirilir. Bir sözlə, imanla əməl arasında möhkəm bir əlaqə qura biləcək bir aydır".

Hacıbəyli ilk olaraq, dişlərin fırçalanması ilə bağlı yaranan fikir ayrılıqına toxunub:

 "Səhər, sahur vaxtı, yeməkdən sonra dişlər fırçalanır. Əgər bu, yadınızdan çıxıbsa, daha sonra da fırçalamaq olar. Ümumiyyətlə, dişlərin fırçalanması orucu pozmur. Şərti budur ki, diş dibində qalan məcun və ya digər maddələr udulmasın. Bunda heç bir problem yoxdur.

İynə vurulmasına gəldikdə isə, ümumiyyətlə, iki növ iynə var: müalicə məqsədli və vitamin tərkibli iynələr.

 Müalicə məqsədilə vurulan iynələr orucu pozmur. Məsələn keyidmək məqsədilə dişə vurularsa, heç bir problem yaratmaz. Amma qidalandırıcı iynələr orucu pozar. Buna görə də onlardan uzaq durmaq tövsiyə olunur.

Ətirdən istifadə isə orucu pozmur. Bir müsəlman təmizliyə diqqət etməlidir və ətirdən istifadə edə bilər.

Oruc tuta bilməyən insanlara gəldikdə isə, bu kateqoriya çox azdır. Bunlar əsasən xəstələr, yaşlı və zəif insanlardır. Uşaqlar isə, təbii ki, oruc tutmurlar – burada yaşı az olan uşaqlardan söhbət gedir.

Qurani-Kərimdə səfərdə olanlar və xəstələrlə bağlı buyurulur ki, onlar səfərdən qayıtdıqdan və ya sağaldıqdan sonra tutmadıqları orucları günbəgün qəza etməlidirlər. Lakin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər – ağır mədə, şəkər, ürək, böyrək və digər ciddi xəstəlikləri olan insanlar fiziki olaraq oruc tutmaq imkanına malik deyillər.

Bu kateqoriyaya aid olan və maddi imkanı olan şəxslər üçün şəriətdə “fidyə” nəzərdə tutulub. Yəni oruc tuta bilməyən, lakin maddi imkanları olan xəstələr tutmadıqları hər günün əvəzinə fidyə verməlidirlər.

Eyni zamanda, artıq gücü tükənmiş və oruc tutmaq imkanını itirmiş yaşlı insanlar üçün də fidyə tətbiq olunur. Qurani-Kərimdə bildirildiyi kimi, fidyə bir miskinin doyurulmasıdır. Səhər və axşam bir miskinin yeməyi qədər fidyə verildikdə, həmin orucun savabı əldə olunmuş sayılır.

Hamilə qadınlar və süd verən analarla bağlı iki fərqli fikir mövcuddur. Süd verən ana əgər oruc tutmaqla südün azalacağını və körpəyə zərər dəyəcəyini hiss edirsə, uşağın haqqına girməməli və oruc tutmamalıdır. Daha sonra, uşaq böyüdükdən sonra tutmadığı günləri günbəgün qəza etməlidir.

Hamilə qadınlar üçün də eyni qayda keçərlidir. Hamiləliyin ilk aylarında və ya ümumilikdə oruc körpəyə zərər verəcəksə, mütləq həkimlə məsləhətləşilməlidir. Əgər problem yoxdursa, oruc tuta bilər. Əgər zərər ehtimalı varsa, oruc tutulmur və sonradan qəza edilir".

Həci sağlamlığa zərər vuran orucla bağlı da fikirlərini bölüşüb:

 "Peyğəmbərimiz (s.ə.v.) buyurur: “Oruc tutun ki, sağlam olasınız". İnsan oruc tutduqda həm ruhən, mənən, həm də fiziki olaraq sağlamlaşır. Lakin elə xəstəliklər var ki, oruc həmin xəstəliyi daha da ağırlaşdıra bilər. Belə hallarda oruc tutulmur.

Orucun həm fərdi, həm də ictimai ibadət olması məsələsinə gəldikdə isə, siz düz vurğulayırsınız:

Oruc həm fərdi ibadətdir, həm də içtimaidir. Fərdi tərəfi odur ki, insan onu təkbaşına tutur və mənəvi təmizlənmə prosesi keçir. Digər bir tərəfdən isə, həmin təmiz adamlar bir cəmiyyəti təşkil edirlər.  

Bir çox müsəlman ölkələrində Ramazan ayında cinayətlərin və neqativ halların əhəmiyyətli dərəcədə azaldığının şahidi oluruq. İnsanlarda qəzəb, gərginlik azalır, cəmiyyət mənəvi olaraq təmizlənir. Bundan əlavə, iftar süfrələrində insanlar bir araya gəlir, ailə, qohum-qonşu münasibətləri möhkəmlənir, cəmiyyətdə sevgi və harmoniya yaranır.

Bu səbəbdən orucu tam mənası ilə həm fərdi, həm də ictimai ibadət kimi dəyərləndirə bilərik".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
1
moderator.az

2Источники