RU

Epşteyn işinə görə saxlanılan Kral Çarlzın qardaşı sərbəst buraxılıb

BAKI, 20 fevral. TELEQRAF

Böyük Britaniya kralı Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor dövlət vəzifəsindən sui-istifadə şübhəsi ilə saxlanıldıqdan sonra polis nəzarətindən buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, fevralın 19-da 66 yaşı tamam olan Mauntbatten-Vindzor Temza Vadisi polisinin əməkdaşları tərəfindən gün ərzində dindirilib. Polis onun Britaniyanın ticarət üzrə xüsusi nümayəndəsi olduğu dövrdə məxfi hökumət sənədlərini mərhum maliyyəçi və məhkum olunmuş cinsi cinayətkar Cefri Epşteynə ötürməsi ilə bağlı iddiaları araşdırır.

Axşam saatlarında o, İngiltərənin şərqində yerləşən Aylşam şəhərindəki polis bölməsindən buraxılıb. Polis bildirib ki, saxlanılan şəxs istintaq davam etdiyi müddətdə azadlığa buraxılıb.

Kral Çarlz yaydığı bəyanatda qardaşının saxlanılması xəbərini “dərin narahatlıqla” qarşıladığını bildirib və hüquq-mühafizə orqanlarının ailənin “tam dəstəyini və əməkdaşlığını” alacağını qeyd edib. O vurğulayıb ki, “qanun öz yolunu getməlidir”.

"Reuters"in yazdığına görə, Mauntbatten-Vindzor Epşteynlə bağlı hər hansı qanunsuzluqda günahını qəbul etmir və yalnız onunla dostluğuna görə təəssüfləndiyini bildirib. ABŞ hökumətinin Epşteynlə bağlı milyonlarla səhifəlik sənədləri açıqlamasından sonra ortaya çıxan məlumatlarda onun 2010-cu ildə rəsmi səfərlər zamanı əldə etdiyi bəzi hesabatları Epşteynə göndərdiyi iddia olunur. Bu qalmaqaldan sonra o, 2011-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılıb, 2019-cu ildə isə kral ailəsindəki bütün rəsmi funksiyalarını tərk edib və ötən il titulları da əlindən alınıb.

Polis qeyd edib ki, dövlət vəzifəsindən sui-istifadə ittihamı ağır cinayətlər kateqoriyasına daxildir və sübut olunacağı təqdirdə ömürlük həbs cəzasına qədər cəza nəzərdə tutulur. Hazırkı istintaq Epşteyn işi ilə bağlı əvvəllər qaldırılmış cinsi istismar iddialarına aid edilmir.

Избранный
61
teleqraf.com

1Источники