RU

Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Natiq Mehdiyev bildirib ki, onun oğlu təqsirləndirilən Gündüz Abbasovun yanına tarix fənni üzrə hazırlığa gedib: “Oğlum hazırlıqda olan vaxt Gündüz müəllim oğluma deyib ki, atana deyərsən gəlsin, imtahan günü suallarda kömək ediləcək. Bunun qarşılığında 6-7 min manat istədilər. Razılaşdıq ki, nəticə olandan sonra pul verəcəm. İmtahan günü övladımın qoluna, qulağına və ayaqqabısına avadanlıq taxıb göndərmişdi”.

Digər şahid Ayxan Mehdiyev hadisə olan zaman abituriyent olduğunu deyib: “Gündüz müəllimin yanına hazırlığa gedirdim. Gündüz müəllim mənə dedi ki, iki imtahanda da kömək edəcək. O, imtahan günü məni çağırdı, ayaqqabı, bir də qulaqlıq verdi. Demək olar ki, imtahanda cihazdan istifadə edə bilmədim”.

Digər şahid Tunar Qasımov da abituriyent olduğunu deyib: “Gündüz müəllim dedi ki, blok imtahanında sənə kömək edəcəm. Bunun qarşılığında ona 3 min manat pul verəcəkdim. İmtahandan bir gün qabaq mənə avadanlıqlar verdilər. İmtahana cihazlarla keçdim. İmtahandan çıxandan sonra cihazları Gündüz müəllimə verdim. O mənə Tarix və Ədəbiyyat fənnindən kömək etdi”.

Digər şahid Pərviz Qasımov isə Gündüz Abbasovun imtahanda oğluna kömək etmək vədi verdiyini deyib: “Blok imtahanda oğluma kömək edib. Öncədən 3 min manat pul verdik. Uşaq imtahandan evə gələndə heç nə soruşmamışam”.

Proses fevralın 20-də davam etdirələcək.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Избранный
29
5
aznews.az

10Источники