RU

Azərbaycan qlobal təhlükəsizlik sisteminin bazasında: İlham Əliyev Sülh Şurasının əsas liderlərindəndir TƏHLİL

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.

Azərbaycan lideri ABŞ paytaxtında bir sıra görüşlər keçirib. Görüşlərdə qlobal məsələlərlə bağlı Azərbaycanın mövqeyi ortaya qoyulub, dövlətlərarası əməkdaşlığını artırılması, sülh siyasətinin genişləndirilməsi müzakirə olunub. Xüsusən də, Sülh Şurasının yaradılmasının bütün dünya üçün əhəmiyyəti vurğulanıb və bunun təməlində dayanan ölkələrdən birinin də Azərbaycan olması son dərəcə əhəmiyyətli hesab edilib. Məlum olduğu kimi, BMT və digər beynəlxalq təşkilatlar artıq dünyada öz nüfuzunu və təsir imkanlarını itirib. Dünyadakı münaqişələri həll etmək, müharibələrin dağıntılarını aradan qaldırmaq üçün yeni, beynəlxalq bir platformanın yaradılmasına ehtiyac var idi.

Bu təşəbbüs ortaya çıxanda ilk dəvət olunan ölkələrdən biri də Azərbaycan oldu. Bu, heç də təsadüfi deyil. Son vaxtlar dünyada sülh siyasəti aparan, bu sahədə öz təcrübəsini göstərən Azərbaycan qlobal məsələlərdə daim təşəbbüskar və çağırışçı bir dövlət kimi özünü təsdiqləyib. Azərbaycan lideri İlham Əliyev qlobal arenada nüfuzlu liderlərdən sayılır və onun beynəlxalq nüfuzu da Azərbaycanın qlobal məsələlərdə öndə olmasını təmin edir. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Prezidentinə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu. Bu, bir daha Azərbaycan dövlətinin və onun rəhbəri İlham Əliyevin bu sahədəki siyasətinə verilən beynəlxalq səviyyəli növbəti qiymət idi.

Beləliklə, ABŞ paytaxtında Sülh Şurasının ilk sammitində ən görkəmli liderlərdən biri Prezident İlham Əliyev, ən öndə olan ölkələrdən biri də Azərbaycandır. Bu fakt Azərbaycanın və onun lideri İlham Əliyevin hansı səviyyədə beynəlxalq nüfuza malik olduğunu bir daha aydın şəkildə göstərir.

Sülh Şurasının ilk iclası qabağı Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə sülh və əməkdaşlıq siyasətinin Azərbaycan nümunəsindən danışılıb.

Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüş zamanı Komitənin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu dedi.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı.

Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu.

Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulandı.

Görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ümumiyyətlə, beynəlxalq vəziyyətin gərginləşdiyi bir dövrdə sülh siyasətinə, ölkələrinin əməkdaşlığının təbliğinə böyük ehtiyac var. Bunu öz siyasəti ilə nümunə olaraq göstərən ölkələrdən biri Azərbaycan, bunun yeganə doğru yol olduğunu öz fəaliyyəti ilə ortaya qoyan liderlərdən biri də İlham Əliyevdir.

Bu səbəbdən, dünya ölkələri Azərbaycanın çağırışlarını eşidir və bəzi nümunələrimizi götürüb tətbiq edirlər. COP-29 prosesində Azərbaycanın qlobal ekoloji problemlərin həllində necə güclü təşəbbüskar olduğu və bu məsələyə beynəlxalq diqqəti artırmaq istiqamətində necə yaxşı təşkilatçılıq etməsini bütün dünya gördü.

Eyni zamanda, 30 ildən müddətdə torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı terror və soyqırım həyata keçirmiş Ermənistana qarşı belə necə sülh siyasəti yürütdüyümüzü də bütün dünya gördü. Bir-biri ilə müharibə edən, düşmənçilik yürüdən ölkələri barışdırmağa çalışan, qarşılıqlı faydalı əməkdaşlıq və dostluq siyasəti təbliğ edən Azərbaycan lideri uzun illərdir dünyanı xilas etmək üçün başqa yolun olmadığını anlatmağa çalışır və artıq demək olar ki, bunu böyük əksəriyyət anlayır. Məhz bu səbəbdən dünyanın yeni qurulan təhlükəsizlik sistemində Azərbaycanın xüsusi yeri var. Dünyadakı 200 ölkənin yalnız bir neçəsinin yeni qurulan bu qlobal platformanın- Sülh Şurasının təməlində dayandığını demək kifayətdir ki, Azərbaycanın qlobal nüfuzunun hansı səviyyədə olduğunu görəsən.

Ümumiyyətlə, Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclası dünya tarixinə yeni bir dövrün başlanğıcı kimi düşəcək. Azərbaycan isə Prezident İlham Əliyevin şəxsində yeni dünya tarixində, yeni qlobal axitekturanın qurulmasında öz imzasını atacaq. Ümidvarıq ki, bu yeni platforma dünyada sülhün və əməkdaşlığın qurulmasını təmin edəcək.

Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
sesqazeti.az

1Источники