RU

"İslamda xəstə insanın oruc tutmaması dinin verdiyi bir güzəştdir" - ŞƏRH EDİLDİ

"İslam dinində oruc ibadəti mühüm və fəzilətli əməllərdən biri olsa da, dinimizin əsas prinsiplərindən biri insan sağlamlığının qorunması və heç kəsə gücündən artıq yük qoyulmamasıdır. Qurani-Kərimdə də açıq şəkildə bildirilir ki, Allah insanlara çətinlik deyil, asanlıq istəyir. Bu baxımdan səhhətində ciddi problemi olan şəxsin özünü məcbur edərək oruc tutması dini baxımdan doğru hesab edilmir". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.

Onun sözlərinə görə, əgər bir insan xəstədirsə və həkim onun oruc tutmasının sağlamlığına zərər verəcəyini bildirirsə, həmin şəxsin oruc tutmaması daha düzgün və məqbul sayılır: "Çünki İslamda insanın öz sağlamlığına zərər vurması və ya xəstəliyini ağırlaşdırması düzgün hesab olunmur. Belə hallarda oruc ibadətini tərk etmək günah deyil, əksinə, dinin verdiyi bir güzəştdən istifadə etməkdir. Dinimiz xəstələr üçün iki cür vəziyyəti nəzərdə tutur. Əgər xəstəlik müvəqqətidirsə və insanın sağalmaq ehtimalı varsa, həmin şəxs Ramazan ayında tutmadığı orucları sonradan, səhhəti düzəldikdən sonra qəza edə bilər. Lakin xəstəlik xroniki xarakter daşıyırsa və insanın gələcəkdə də oruc tutmaq imkanı yoxdursa, bu halda o, hər tutmadığı günün əvəzinə fidyə verə bilər. Bu da İslamın sosial həmrəylik və mərhəmət prinsiplərini əks etdirir. Eyni zamanda, bəzi insanlar ibadətə olan sevgilərinə görə səhhətləri imkan verməsə belə, özlərini məcbur edərək oruc tutmağa çalışırlar. Lakin unutmamaq lazımdır ki, ibadətin məqsədi insanı çətinliyə salmaq deyil, mənəvi kamilliyə çatdırmaqdır. Əgər oruc sağlamlığa ciddi zərər yetirirsə, bu halda orucu tərk etmək ibadətə hörmətsizlik deyil, əksinə, dinin hökmlərinə düzgün əməl etməkdir. İslam dini xəstə insanlara qarşı anlayışlı və mərhəmətlidir. Əsas olan insanın niyyəti və imkanıdır. Sağlamlığı risk altında olan şəxslərin özlərini məcbur etmələri tövsiyə olunmur və belə hallarda dinin verdiyi asanlıqlardan istifadə etmək daha doğru sayılır. İbadətlərin qəbul olunmasının əsas şərti isə insanın gücü və imkanları daxilində onları yerinə yetirməsidir".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
17
1
sia.az

2Источники