RU

Dəyişən dünya: Bakı qlobal siyasətin yeni aktoru rolunda

Yeni dünya nizamı və Sülh Şurası, BMT-nin boşluğunu dolduran yeni mexanizm
“Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsinə daxil olub. Qlobal böhranların artdığı, regional münaqişələrin çoxaldığı bir dövrdə beynəlxalq təşkilatların effektivliyi ciddi şəkildə sual altına düşür. Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi diqqət çəkir. Çünki Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin real nəticələrini öz üzərində yaşamış ölkələrdən biridir”.
 
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Prezident İlham Əliyevin  Sülh Şurasının ilk toplantısında iştirak etmək üçün ABŞ-a səfərini şərh edərkən deyib.
BMT-nin iflici və beynəlxalq hüququn böhranı

Deputatın sözlərinə görə, Azərbaycanın təcrübəsi göstərdi ki, beynəlxalq hüquq yalnız kağız üzərində qalanda, onun tətbiqi siyasi iradədən asılı olanda bu sistem işlək mexanizm ola bilmir. “Ermənistan–Azərbaycan münaqişəsi zamanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin 30 ilə yaxın icra olunmaması beynəlxalq təşkilatların effektivliyinə ciddi zərbə vurdu”. – o  vurğulayıb.
 
Deputat bildirib ki, bu reallıq nəticəsində beynəlxalq hüquq güc siyasətinin arxasınca getməyə başladı: “Dünyanın müxtəlif regionlarında müşahidə olunan selektiv yanaşma beynəlxalq institutların nüfuzunu zəiflətdi və onların qərarvermə qabiliyyətini faktiki olaraq iflic vəziyyətinə saldı.

Bu vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyev Münxendə açıq şəkildə ifadə edib: “Beynəlxalq hüquq artıq etibarlı deyil. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi bunu nümayiş etdirir.”
Bu mesaj təkcə Azərbaycanın mövqeyi deyil, həm də qlobal sistemin böhranının diaqnozudur.

Yeni sistemə ehtiyac: boşluğu dolduran təşəbbüs
Beynəlxalq təşkilatların zəifləməsi fonunda yeni mexanizmlərin yaranması qaçılmaz idi. Dövlətlər artıq anlayır ki, təhlükəsizlik və sabitlik üçün alternativ platformalara ehtiyac var.
Prezident İlham Əliyevin sözləri bu transformasiyanın mahiyyətini aydın göstərir: “Yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması işlənilmə mərhələsində idi. İlk addımı atmaq üçün kim məsuliyyət götürəcək – məsələ bu idi.”
Məhz bu kontekstdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası yeni qlobal mexanizm kimi meydana çıxır.
Prezident İlham Əliyevin qiymətləndirməsi bu təşəbbüsün əhəmiyyətini açıq şəkildə göstərir: “Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü.”

Sülh Şurası: yeni qlobal təhlükəsizlik platforması
Vaşinqtonda keçirilən ilk iclas yeni formatın start nöqtəsidir. Sülh Şurasının ilkin gündəliyi Qəzzanın bərpası olsa da, bu platformanın perspektivləri daha genişdir.
Bu təşkilatın gələcəkdə regional münaqişələrin həlli, təhlükəsizlik mexanizmlərinin yaradılması. böhranların operativ idarə olunması kimi funksiyaları yerinə yetirməsi gözlənilir. Bu, faktiki olaraq BMT-nin boşluğunu doldurmağa yönəlmiş alternativ təhlükəsizlik platformasıdır”.

Azərbaycanın rolu: regional liderdən qlobal aktora
Deputat əlavə edib ki, Azərbaycanın bu platformada iştirakı təsadüfi deyil: “Bu, uzun illər yürüdülən çoxvektorlu xarici siyasətin nəticəsidir. Azərbaycan Qərb və Şərq arasında balans yaradan ölkədir. Cənubi Qafqazda sülh prosesinin təşəbbüskarıdır. Yaxın Şərq ölkələri ilə əlaqələrini gücləndirir və regional təhlükəsizlik layihələrində aktiv iştirak edir. Bu amillər Azərbaycanın yeni formalaşan qlobal düzəndə rolunu artırır.

Yeni dünya nizamının fəlsəfəsi
Prezident İlham Əliyevin Münxendə səsləndirdiyi ən mühüm mesajlardan biri yeni dünya düzəninin mahiyyətini açıqlayır: “Yeni dünya nizamı “kim güclüdür, o haqlıdır” anlamına gəlməməlidir. Bu, sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.” Bu yanaşma yeni təhlükəsizlik arxitekturasının ideoloji əsasını formalaşdırır.
BMT-nin effektivliyinin azalması, qlobal böhranların artması və beynəlxalq hüququn selektiv tətbiqi yeni təhlükəsizlik platformalarının yaranmasını sürətləndirir. Sülh Şurasının yaradılması məhz bu boşluğun nəticəsidir.

Azərbaycanın bu prosesdə iştirakı isə ölkənin regional aktordan qlobal siyasi platformalarda söz sahibi olan dövlətə çevrildiyini göstərir. Bunun nəticəsi olaraq da biz bu gün yeni dünya nizamı formalaşmasının və Azərbaycan artıq bu prosesdə ciddi rolda çıxış edən aktiv oyunçusu olduğuna şahidlik etməkdəyik”.
 
Mürtəza

Избранный
38
1
olke.az

2Источники