RU

Qarabağda biznes qurmaq adı ilə qadınlardan 186 min manat alan şəxsin cinayət işinin TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Quliyevin cinayət işinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə müxtəlif şəxslərə yalan vədlər verərək onların külli və xeyli miqdarda pul vəsaitlərini ələ keçirib.

 

İş materiallarına əsasən, Ramin Quliyev tanışı, zərərçəkmiş Aynurə Vəliyevaya tikinti materiallarını alıb Qarabağ ərazisində satacağını və həmin işə yatırılacaq vəsaitdən qazanc verəcəyini vəd edib. O, bu yolla zərərçəkmişin etibarını qazanaraq 2022-ci il ərzində müxtəlif tarixlərdə, paytaxt ərazisində yerləşən evdə hissə-hissə olmaqla 20 000, 20 000, 40 000, 20 000 və 10 000 manat məbləğlərində pul alıb.

 

Beləliklə, Ramin Quliyev vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 110 000 manat pul vəsaitini ələ keçirərək Aynurə Vəliyevaya külli miqdarda ziyan vurub.

 

Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəlində tanışı, zərərçəkmiş Vüqar Qasımova Bakı şəhəri, Nizami rayonu ərazisində torpaq sahəsində futbol meydançasının tikintisi üçün bir ay müddətində icazə sənədi düzəldəcəyinə dair yalan vəd verib. O, keçirilən görüş zamanı 15 000 manat pulu alaraq ələ keçirib və zərərçəkmişə xeyli miqdarda ziyan vurub.

 

Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilib ki, Ramin Quliyev əvvəllər qohumluq münasibətində olduğu zərərçəkmiş Aybəniz Abdullayevanın da etibarından sui-istifadə edib. Eyni məzmunlu – tikinti materiallarının alınıb Qarabağda satılması və yüksək qazanc əldə olunacağı barədə vədlərlə 2022–2023-cü illər ərzində müxtəlif tarixlərdə ümumilikdə 50 000 manat pul alıb.

 

Bundan əlavə, 2024-cü ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Cars 019” avtosalonunda formal alqı-satqı müqaviləsi əsasında girov qoyulmaq üçün təqdim edilməsi adı ilə 10 000 manat, daha sonra isə “Metropark” ticarət mərkəzinin qarşısında yerləşən bankomatdan 5 000 manat və Nərimanov rayonu ərazisində 11 500 manat məbləğində vəsaiti ələ keçirib.

 

Beləliklə, o, vahid niyyətlə ümumilikdə 76 500 manat pul vəsaiti ələ keçirilib və Aybəniz Abdullayevaya külli miqdarda ziyan vurub.

 

Məhkəmə iclasında Ramin Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, futbol meydançası ilə bağlı 15 000 manatı sənədləşmə işlərini görəcək şəxsə verib, işin uzanması səbəbindən vəsaiti geri qaytara bilməyib. Həmçinin digər zərərçəkmişlərlə aralarında investisiya xarakterli razılaşmalar olduğunu, müəyyən məbləğlər üzrə qazanc ödədiyini iddia edib.

 

Təqsirləndirilən şəxs məhkəmədə 186 500 manat məbləğində iş gördüyünü, gəlir əldə etdiyini və müəyyən ödənişlər etdiyini bildirsə də, vergi öhdəliklərinin yerinə yetirilmədiyini etiraf edib.

 

Məhkəmə dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, eləcə də iş üzrə toplanmış sübutları araşdıraraq belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə – külli miqdarda ziyan vurmaqla və təkrar törədilməklə dələduzluq kimi düzgün tövsif olunub. Məhkəmə onun təqsirinin iş materiallarında toplanmış sübutlarla tam təsdiq edildiyini hesab edib və qanuna uyğun hökm çıxarıb. Hökmə əsasən, Ramin Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş Aybəniz Abdullayevanın mülki iddiası təmin olunub, təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanın əvəzi qismində 76 500 manat məbləğində pul tutularaq sözügedən şəxsə ödənilması hökmü çıxarılıb. Zərərçəkmiş Aynurə Vəliyevayanın da mülki iddiası təmin edilib, Ramin Quliyev ona vurulmuş maddi ziyanın əvəzi qismində 110 000 manat məbləğində pul vəsaiti tutularaq həmin qadına ödənilməsi qərara alınıb. Zərərçəkmiş Vüqar Qasımova ona dəymiş maddi ziyana görə təqsirləndirilən şəxsə qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib.

 

Kamal Məmmədov

Tarix: 19 Fevral 2026, 10:14   
Избранный
37
pravda.az

1Источники