RU

Səmaya baxıb Tanrıdan soruşdum ki, bir uşaq üçün bu necə həyatdır?

"Qalatasaray"ın və Nigeriya milli komandasının hücumçusu Viktor Osimhen uşaqlıq illəri ilə bağlı xatirələrini bölüşüb.

Publika.az xəbər verir ki, Osimhen bu barədə "The Players' Tribune" platformasındakı müəllif köşəsində yazıb. O, azyaşlı olarkən ailəsinə necə kömək etdiyini danışıb:

"Bu yazını oxumağınızın özü Tanrının lütfünün sübutudur. Anam mən iki və ya üç yaşında olanda vəfat edib. Onu məni qucağında tutmasından başqa heç nə xatırlayacaq qədər böyük deyildim. Altı bacı-qardaşımla birlikdə Laqosun gecəqondu bölgəsində yerləşən bir otaqlı mənzildə yaşayırdıq. Buranın adı Olusosundur. Ola bilsin, bu yer haqqında eşitmisiniz. Afrikanın ən böyük zibillik sahəsinin yanında yerləşir. Deyirlər ki, ora hər gün 10 min ton tullantı atılır. Kimyəvi tullantılar, sınıq televizorlar, təsəvvür edə biləcəyiniz hər şey.

Bu, mənim həyətim idi. Futbol oynamağa başlayanda və buts lazım olanda dostlarımla zibilliyə gedib axtarırdım. "Hey, mən sınmış "Nike" tapdım. Sol ayaq! 8-ci ölçü!" (Bir saat sonra) "Hey, mən "Puma" tapdım! Sağ ayaq! 9-cu ölçü!" Bu, xoşbəxt gün idi. Hamımız üçün bir cüt buts tapılmışdı.

Bizim ərazidəki ailələrin çoxu zibillikdən tapdıqları əşyaları sataraq dolanırdı, amma mən kiçik olanda atam sürücü işləyirdi. Anamın ölümündən sonra o, işini itirdi və polis bölməsinin mətbəxində qab yumağa başladı. Pul kirayəni ödəməyə çatmırdı. Xatırlayıram, təxminən 12 yaşım olanda ev sahibi daha dözmədi və mənzilimizin işığını kəsdi. Biz yeddi nəfər bir otaqda qaranlıqda oturmuşduq. Televizor yox idi, heç nə yox idi. Mən küçəyə çıxdım, su axan borunun yanında oturdum və ağlamağa başladım.

Избранный
101
49
publika.az

10Источники