RU

Tramp fevralın 24-də Konqresdə çıxış edəcək

Tramp fevralın 24-də Konqresdə çıxış edəcək

ABŞ Prezidenti Donald Tramp fevralın 24-də Senat və Nümayəndələr Palatasının birgə iclasında çıxış edəcək.

AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Çıxışın əsasən Vaşinqton administrasiyasının fəaliyyət proqramına və ötən bir il ərzində görülən işlərin yekunlarına həsr olunacağı gözlənilir. Konqresin aşağı palatasının spikeri Mayk Conson hələ yanvarın əvvəlində prezidentə bu müraciət üçün rəsmi dəvət göndərdiyini təsdiqləyib.

ABŞ prezidentləri ənənəvi olaraq bu çıxış vasitəsilə ölkədəki mövcud vəziyyətə dair öz baxışlarını təqdim edir, daxili və xarici siyasətin prioritet istiqamətlərini müəyyənləşdirirlər. Konstitusiyaya görə, dövlət başçısı "zaman-zaman" millətin vəziyyəti barədə Konqresə məlumat verməyə borcludur.

Bu ənənənin əsasını 1790-cı ildə ilk prezident Corc Vaşinqton qoyub. "Ölkənin vəziyyəti haqqında" (State of the Union) ifadəsi isə 1935-ci ildən, Franklin Delano Ruzveltin dövründən etibarən rəsmi dövriyyəyə daxil olub. Cari müraciətdə iqtisadi islahatlar, miqrasiya siyasəti və Ukrayna ilə bağlı davam edən sülh danışıqlarının gedişatı kimi mövzuların ön planda olacağı proqnozlaşdırılır.

Избранный
77
afn.az

1Источники