RU

Çikunqunya virusu Avropa üçün daha böyük təhlükə yaradır

Çikunqunya virusu Avropa üçün daha böyük təhlükə yaradır

Çikunqunya virusu 13 dərəcə Selsi kimi aşağı temperaturlu iqlim zonalarında yayıla bildiyi üçün Avropa üçün düşünüləndən daha ciddi təhlükə mənbəyinə çevrilib.

AFN.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Ekologiya və Hidrologiya Mərkəzinin (UKCEH) alimləri xəbərdarlıq ediblər. Tədqiqatlar göstərib ki, virusun əsas daşıyıcısı olan "Asiya pələng ağcaqanadları" (Aedes albopictus) əvvəllər hesab edildiyi kimi 16-18 dərəcədə deyil, artıq 13 dərəcə temperaturda da virusu ötürmək qabiliyyətinə malikdir.

Bu kəşf o deməkdir ki, qlobal istiləşmə fonunda virusun yayılma coğrafiyası qitənin şimalına doğru daha sürətlə genişlənir və il ərzində daha uzun müddət aktiv qalır. Mütəxəssislərin fikrincə, Aralıq dənizi sahili ölkələri hazırda ən yüksək risk zonasıdır; burada ilin 6-7 ayı virusun yayılması üçün əlverişli hava şəraiti hökm sürür.

Şərqi Avropada iyul-avqust aylarında, Skandinaviya və Baltikyanı ölkələrdə isə ilin bir ayı ərzində yoluxma riski mövcuddur. Alimlər vurğulayırlar ki, soyuq qış aylarının təbii "sipər" funksiyası itmək üzrədir, çünki ağcaqanadlar artıq daha mülayim şəraitdə sağ qala bilirlər.

Çikunqunya virusu adətən qəfil yüksək qızdırma və şiddətli oynaq ağrıları ilə özünü büruzə verir. Ölüm halları nadir olsa da, xəstəlik uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar üçün ciddi fəsadlar törədə bilər. Hazırda virusdan qorunmağın ən effektiv yolu ağcaqanad dişləmələrindən qorunmaq və onların çoxaldığı durğun su mənbələrini ləğv etməkdir.

Избранный
89
afn.az

1Источники