Ekspertin fikrincə, bunun üçün isə yarımmüdafiənin mərkəzi maksimum ayıq-sayıq olmalıdır: ““Liverpul”la oyunda da “Qarabağ” oxşar planı tətbiq etməyə çalışmışdı. Məqsəd rəqibin öz meydanında basqı ilə top çıxarmasına imkan verməmək idi. Lakin rəqib fazalararası və xətlərarası məsafəni o qədər qısa saxlamışdı ki, “Qarabağ” futbolçularının qərar verməsi üçün 2-3 saniyə belə vaxtı olmurdu. Temp çox yüksək idi. Bu baxımdan, “Nyukasl”la oyunda sürətə və tempə qarşılıq olaraq mərkəzdə topa daha çox sahib olmaq, ikili mübarizələrdə rəqibə yaxın oynamaq vacibdir. Xüsusilə müdafiə ilə yarımmüdafiə arasındakı zonada geri dönən topların qazanılması böyük əhəmiyyət daşıyır. Çünki “Nyukasl” hücum edərkən həmin topları “Qarabağ” qazansa, boş zonalar yaranacaq və Kamilo Duran müdafiə arxasına atılan ötürmələrlə təhlükəli epizodlar yarada bilər. Əlbəttə, bunu etmək asan deyil”. E.Cəfərov “Nyukasl”ın heyətində kifayət qədər təcrübəli futbolçular olsa da, məğlubedilməz komanda olmadığını qeyd edib: “Xüsusilə rəqibin mərkəz müdafiəsində mövqe sığortası baxımından müəyyən problemlər müşahidə olunur. Həmin zonaya daha çox təzyiq göstərmək və Kamilo Duranın mərkəzdə boşluq yaratmasına şərait yaratmaq istənilən nəticəyə aparan yollardan biri ola bilər. Sürpriz mümkündürmü? Bəli, futbolda hər şey mümkündür. Favorit yenə də “Nyukasl”dır, lakin “Qarabağ” “Bayer Leverkuzen” və “Çelsi” ilə oyunlarda olduğu kimi əzmkar mübarizə sərgiləyə bilər. Komandanın itirəcək heç nəyi yoxdur. Artıq Azərbaycan futbolu adına tarixi uğura imza atıblar və psixoloji baxımdan daha rahatdırlar. Bu matç həm də futbolçular üçün özlərini göstərmək, növbəti vitrinə çıxmaq baxımından mühüm fürsətdir. Qarşılaşmada məşqçilərin dueli də xüsusi diqqət çəkəcək. Əvvəlki oyunlarda son dəqiqələrdə edilən dəyişikliklər “Qarabağ” üçün müəyyən problemlər yaratmışdı. Ümid etmək olar ki, bu dəfə Qurban Qurbanov və texniki heyət oyunçu dəyişiklikləri seçimində daha dəqiq qərarlar verəcək və ssenari komandanın xeyrinə inkişaf edəcək”. Qeyd edək ki, matç bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.Sevinc İbrahimzadə / Metbuat.az