RU

ABŞ İran məsələsində Azərbaycan və Türkiyə balanslaşdırıcı rol oynaya bilər? EKSPERT

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son dövrlərdə ABŞ, İran və İsrail  arasında münasibətlər yenidən beynəlxalq ictimaiyyətin əsas mövzularından birinə çevrilmişdir. Həmin dövlətlər arasında gedən müzakirələr yalnız iki dövlət arasındakı məhdudlaşmır, eyni zamanda Yaxın Şərq və ona qonşu regionlarda sabitliyə birbaşa təsir göstərir.

Mövcud şəraitdə regional aktorların və beynəlxalq təşkilatların rolu xüsusi əhəmiyyət kəsb edir. Maraqlıdır, görəsən, Türk dünyasını bir araya gətirən Türk Dövlətləri Təşkilatı, eləcə də onun aparıcı üzvləri olan Türkiyə və Azərbaycan bu prosesdə mühüm rol oynaya bilərmi?

Məsələ ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü Avtosfer.az-a açıqlamasında bildirib ki, türk dövlətləri bu məsələdə çox mühüm rol oynaya bilər, hətta artıq oynayırlar:

“Təbii ki, burada xüsusi olaraq Türkiyə və Azərbaycanı qeyd etməliyik. Mərkəzi Asiyanın türk dövlətləri də müəyyən hallarda bu prosesdə iştirak edir və ya etməyə çalışırlar. Lakin aparıcı rol, şübhəsiz ki, Azərbaycan və Türkiyəyə məxsusdur. İran ərazisində çoxsaylı türk toplumu yaşayır. Azərbaycanlılar, qaşqaylar, türkmənlər və digər türk xalqları bu ölkənin mühüm hissəsini təşkil edir. Hətta deyilir ki, Tehran İstanbuldan sonra türklərin yaşadığı ikinci ən böyük şəhərdir. Bu baxımdan türk dövlətləri baş verən proseslərdə mühüm rol oynayır və hesab edirəm ki, bu rol daha da genişləndirilməlidir. Eyni zamanda, İran da öz davranışlarında diqqətli olmalıdır. Nüvə silahı məsələsi deyil, nüvə proqramı və uranın zənginləşdirilməsi prosesi beynəlxalq nəzarət altında və şəffaf şəkildə aparılmalıdır. Onun hərbi məqsədlər üçün istifadə edilməsi qəbul edilməzdir. Dünyada başqa ölkələrin nüvə silahına malik olması bu məsələyə bəraət qazandırmır. Əgər bu mövzu bəhanəyə çevrilirsə və təzyiq aləti kimi istifadə olunursa, məsələyə ehtiyatlı və ölçülü yanaşmaq lazımdır”. 

Ekspertin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində ABŞ və İran nümayəndələrinin bir masa arxasında əyləşməsinə vasitəçilik etmək mümkündür:

“Görüşlər İstanbulda və ya Bakıda keçirilə bilər. Yəni, bu məsələlərin tənzimlənməsi üçün platforma yaratmaq imkanımız var. Ərəb ölkələrində ABŞ və İran nümayəndələrinin görüşləri baş tutursa, niyə Türk Dövlətləri Təşkilatı da bu prosesdə fəal rol almasın? Ümumilikdə, İran daxilində çoxsaylı türk əhalisinin yaşadığını nəzərə alaraq, müharibə və münaqişəyə imkan verilməməlidir. Suveren dövlətin ərazisinə hücum qəbul edilməzdir və bu, ciddi humanitar fəlakətə səbəb ola bilər. Amerika və İsrail coğrafi baxımdan uzaqda yerləşirlər və mümkün fəlakətin ağırlığını birbaşa hiss etməyəcəklər. Lakin region ölkələri bu təsirləri daha ağır şəkildə yaşayacaq. Atılan bomba və ya güllə milli mənsubiyyət seçmir. “Türkiyəyə dəyməsin, başqasına dəysin” kimi yanaşma həm yanlış, həm də qeyri-insanidir. Əksinə, mümkün hərbi toqquşmalarda ən çox zərər görənlər elə region xalqları, o cümlədən türklər olacaq. Son hərbi qarşıdurmalarda bunun nümunələrini gördük. Təbriz də bombardmana məruz qaldı və dinc insanlar həyatını itirdi. Beynəlxalq aləmdə hərbi cinayətkar kimi tanınan Netanyahunun əmri ilə Təbrizdə azərbaycanlılar öldürüldü. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı kənarda qalmamalı, əksinə, proseslərin tənzimlənməsində fəal və məsuliyyətli rol oynamalıdır”.

Nurcan Babək

Oxunub 36

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
avtosfer.az

1Источники