“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk oyunundan gözləntilərini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri arasındakı ilk oyun sabah Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qurban Qurbanov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox böyük təcrübə əldə ediləsi oyundur. Azərbaycan futbolu tarixində ilkdir. UEFA Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Özü də bu cür rəqibə qarşı. “Nyukasl” çox tanınmış, köklü klubdur, dünyanın bir nömrəli liqasında mübarizə aparırlar. Matça hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçuların hazırlığına baxıram, oyun haqda fikirlərinə də önəm verirəm. Çox məsuliyyətli davranırlar, çox həyəcanlıdırlar. Bu da mənə inam verdi. Futbolçular oyunu səbirsizliklə gözləyirlər. Sabah ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar. “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var. Premyer Liqada bütün komandalar onlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə oynamaq imkanı vermirlər. Çalışacağıq ki, doğma meydanımızda yaxşı mübarizə aparaq, ağıllı oynayaq. Cəsarətli oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. “Nyukasl” həm fiziki gücə malik, həm də sürətli oynayan komandadır. İnanıram ki, futbolçularım özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
Biz hücum futbolu oynasaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü… Ona görə də bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var. Rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə hər iki oyunu düşünməliyik. Çox istəyərdim sabah azarkeşlərimiz oyundan həzz alsınlar, uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxtımız olacaq. Bunu düşünərik”.
Qurban Qurbanov “Nyukasl”ı favorit hesab edir
Xoni Montielin yaxşı formada olduğu bir vaxtda Kadi Borgesin də sıraya dönməsinə toxunan Qurban Qurbanov onlardan hansına üstünlük verəcəyini açıqlamaq istəməyib:
“Kadinin geri dönməsi bizim üçün xoşdur. Əlimizdə əlavə variantlar var. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Ondan sonra kimlərin meydana çıxacağını tam dəqiq biləcəyik.
Nəriman Axundzadə bu oyunda olmayacaq. Onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik.
Mateus Koxalski böyük ehtimalla oyuna hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faiz riskli bir bir şey olmasa, meydana çıxacaq”.
Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasındakı uğurlu çıxışına da şərh verib:
“Biz düzgün yoldayıq və böyük turnirdə böyük komandaların sırasındayıq. Bu da bizə əlavə güc, motivasiya və inam verir. İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit “Nyukasl”dır. Amma bu rəqibə ən azından Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidir, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm”.
