RU

Türk ekspert: Trans-Xəzər marşrutu regionda etimad və siyasi sabitliyi gücləndirən strateji təşəbbüsdür

Bakı, 17 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransında aparılan müzakirələrdə beynəlxalq münasibətlər sistemində çoxqütblülüyün gücləndiyi və regional güc mərkəzlərinin yüksəliş mərhələsinə daxil olunduğu xüsusi vurğulanıb. Konfrans çərçivəsində bildirilib ki, dünya artıq təkqütblü modeldən uzaqlaşıb, çoxqütblü struktur formalaşıb, regional güc mərkəzləri ön plana çıxıb və prinsipial qeyri-müəyyənliklərin artdığı yeni bir dövr başlanıb.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökçe deyib.

Onun sözlərinə görə, qlobal nizamın gələcəyi bundan sonra yalnız hərbi balans amili ilə deyil, eyni zamanda iqtisadi dayanıqlılıq, texnoloji üstünlük və ictimai legitimlik kimi əsas göstəricilərlə müəyyənləşəcək: “Bu kontekstdə hərbi təhlükəsizliklə yanaşı, iqtisadi təhlükəsizlik məsələlərinin də ön plana çıxdığı diqqətə çatdırılıb. Bu yanaşma fonunda Trans-Xəzər marşrutu iqtisadi təhlükəsizlik siyasətlərinin mühüm tərkib hissəsi kimi aktuallaşır. Trans-Xəzər marşrutu Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, yalnız nəqliyyat və logistika layihəsi deyil, eyni zamanda regionda etimadın möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və siyasi sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyan siyasi təşəbbüsdür. Bu marşrut bölgədə qarşıdurmaların qarşısını almaq, münaqişə yaşayan ölkələr arasında dialoq və əməkdaşlıq imkanlarını artırmaq baxımından birləşdirici funksiyaya malikdir”.

Ali Fuad Gökçə vurğulayıb ki, ABŞ-nin Orta Dəhliz və Trans-Xəzər təşəbbüslərinə müdaxiləsi diqqətlə izlənilməlidir. Onun fikrincə,əgər ABŞ bu ticarət və nəqliyyat dəhlizlərində iştirakını sırf iqtisadi məqsədlərlə məhdudlaşdırarsa və iqtisadi təhlükəsizlik çərçivəsində fəaliyyət göstərərsə, bu, region üçün problem yaratmayacaq.

“Lakin bu marşrutların siyasi alətə çevrilməsi, region ölkələri üzərində ayırıcı siyasətlərin aparılması, eləcə də regional güclər: Rusiya-İran, Azərbaycan- Türkiyə arasında mövcud balansın pozulmasına yönəlmiş addımların atılması bölgədə yeni qeyri-sabitlik riskləri yarada bilər. Bu baxımdan Trans-Xəzər və Orta Dəhliz təşəbbüslərinin regional əməkdaşlıq, qarşılıqlı fayda və iqtisadi təhlükəsizlik prinsipləri əsasında həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mövcud ictimai strukturu, iqtisadi potensialı və siyasi imkanları ilə regionda sabitliyi önə çəkən, qarşıdurmadan deyil, əməkdaşlıqdan çıxış edən siyasət yürütməyə üstünlük verir. Azərbaycanın bu potensialının milli suverenlik və ərazi bütövlüyünə hörmət çərçivəsində istifadəsi bütövlükdə regionun sabitliyinə mühüm töhfə verəcək”, - deyə türk ekspert əlavə edib.

Ali Fuat Gökçe sonda onu da qeyd edib ki, strateji coğrafi mövqedə yerləşən Azərbaycanın indiyədək yürütdüyü humanist və sülhpərvər siyasət beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmalı, ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərilməlidir. Məhz bu yanaşma Trans-Xəzər təşəbbüsünün uğurlu icrası və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün əsas şərtlərdən biridir.

Избранный
74
1
azertag.az

2Источники