RU

İrlandiya X və Grok-a qarşı təhqiqat başlatdı

İrlandiya X və Grok-a qarşı təhqiqat başlatdı

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) amerikalı iş adamı İlon Maskın xAI şirkəti tərəfindən hazırlanan və sosial media platformasına inteqrasiya edilmiş süni intellekt çat-botu Grok-un uyğunsuz görüntülər yaratması səbəbiylə X barəsində araşdırmalara başlayıb.

DPC-nin yaydığı rəsmi bəyanata əsasən, X platformasına qarşı Avropa İttifaqının Ümumi Məlumat Mühafizəsi Reqlamenti və İrlandiyanın Məlumatların Mühafizəsi Aktının şəxsi məlumatların qorunması, texniki xüsusiyyətlər və risklərin azaldılması ilə bağlı müvafiq maddələrini pozma ittihamı irəli sürülüb.

Açıqlamada qeyd olunur ki, təhqiqat çərçivəsində Grok-un süni intellektdən istifadə edərək aşağıdakı pozuntulara yol verib-vermədiyi araşdırılacaq:

Uşaqlar da daxil olmaqla, istifadəçilərin razılığı olmadan onların cinsi və şəxsi görüntülərinin yaradılması;Zərərli məzmunların istehsalı;Şəxsi məlumatların qeyri-qanuni istifadəsi.

X platformasının ötən gün bu yoxlama barədə məlumatlandırıldığı bildirilib. Təhqiqat zamanı şirkətin tətbiqlərdə hüquqi uyğunluq, layihələndirmə yolu ilə məxfilik və ya standart tənzimləmələrlə məlumatların qorunması, habelə zəruri məlumat mühafizəsi təsir analizlərini aparmaq kimi qanuni öhdəliklərini yerinə yetirib-yetirmədiyi yoxlanılacaq.

DPC sədr müavini Qrem Doyl mövzu ilə bağlı bunları qeyd edib:

"Həftələr əvvəl X istifadəçilərinin Grok-a əmrlər daxil edərək, uşaqlar da daxil olmaqla real insanların fotolarını cinsi məzmunlu görüntülərə çevirməsi barədə xəbərlər mediada yer almağa başladıqda şirkətlə əlaqə saxladıq. X-in Aİ üzrə əsas nəzarətçi orqanı olan DPC bu məsələlərdə şirkətin Aİ-nin Ümumi Məlumat Mühafizəsi Reqlamentinə uyğunluğunu araşdıracaq genişmiqyaslı təhqiqata start verib".

Избранный
29
afn.az

1Источники