RU

Qurban Qurbanov düz dedi, amma gec dedi!

Qurban Qurbanov Qubadakı oyundan sonra qələbəni unutdu və coşdu. Mən onu son vaxtlar ilk dəfə belə acıqlı, qəzəbli, yorğun, narazı görürdüm ki, bir qədər sonra bunun səbəblərinə toxunacam. Amma əvvəlcə hər cümlədən üsyan yağan açıqlama ilə tanış olaq:

“Meydança yox idi ki... Belə meydançada futbol oynamağa necə icazə verilə bilər - başa düşmürəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq "Qarabağ"ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdı, nə də başqası. Belə meydançada "Nyukasl”la oyuna necə hazırlaşım? Gərək 3-4 gün futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndilər. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desən, var idi. Hakimlərdən danışmağı xoşlamıram. Onlar federasiyaya bildirməlidi ki, bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq?! Başa düşürəm ki, "İmişli" yeni komandadı, stadionu yoxdu. Burda oynayırlarsa, onda burda da məşq etsinlər də. Özləri niyə burda məşq etmir? Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”.

Bəli-bəli, Qurban bəyin əsəbləri dözmədi. Günlərdi içində saxladığı acığı, qəzəbi dörd bir tərəfə yağdırdı. Sirr deyil ki, “Qarabağ”ın baş məşqçisi “Neftçi” ilə oyunun təxirə salınması mövzusunda ilk növbədə paytaxt klubundan, daha sonra futbol ictimaiyyətindən anlayış gözləyirdi. Amma belə olmadı. “Ağ-qaralar” iki ayağını bir başmağa dirədi ki, bəs, təxirəsalma planlarımızı pozur, mütləq oynamaq lazımdı. Sonda Tahir Gözəl müdaxilə etməli oldu, məsələ Az.TV-yə qədər uzandı, yuxarıdan da təsir mexanizmləri işə düşəndən sonra “Neftçi” razılıq verdi.

Qurban bəyi özündən çıxaran ikinci məqam isə odu ki, nə “Şamaxı” çempiona güzəşt etdi, nə də “İmişli”. Halbuki bu iki oyundan birini Bakıda keçirmək olardı. Əvəzində hansı mənzərə alındı? “Qarabağ” sözün bütün mənalarında böyük çətinlik hesabına qarlı-palçıqlı meydanlarda iki çətin qələbə qazandı. O da rəmzi məqamdı ki, “İmişli” ilə oyunda Qurban bəyin köməyinə oğlu Musa çatdı, həlledici qolu vurdu. Bəs oğul atanın nə gününə lazımdı?! Romantikanı bir kənara qoyaq, ona görə ki, indi bunun yeri deyil. Ortada futbolun sərt reallıqları var. Həmin sərt reallıqlardan biri də budu: Bakıya İngiltərə premyer-liqasının möhkəm ortabablarından biri, ardıcıl iki qələbə ilə ruh yüksəkliyi qazanan “Nyukasl” gəlir. Və Azərbaycan çempionu, Qurbanovun çalışdırdığı “Qarabağ” bu oyuna hazır deyil. Heç bir cəhət, heç bir parametr üzrə hazır deyil!

Qurban bəy Qubada hər şeyi düz dedi, gerçəkləri dedi, amma gec dedi. AFFA “bölgə futbolunun inkişafı üçün lazımi şərait yaradılmır” deyənlərin qınağına, təzyiqinə tab gətirmədi, “Karvan-Yevlax”la “İmişli”ni elitaya buraxdı. Amma yevlaxlılar heyət, İmişli təmsilçisi infrastruktur baxımından qətiyyən elita standartlarına uyğun gəlmir. Qurban bəy isə bütün bu iradları İcraiyyə Komitəsinin (İK) iclasında səsləndirməliydi, daha Qubanın palçıqlı meydançasında qələbə qazanandan sonra yox! Nə işdisə, Qurbanov artıq İK-nın iclaslarına da qatılmır. Amma bu başqa bir yazının mövzusudu.

İndi əsas vəzifə “Nyukasl” sınağından uğurla çıxmaqdı. Nə qədər çətin olsa da, mümkündü, nəsə etmək, ən azı intriqanı cavab oyununa saxlamaq olar. Onda Şamaxının qarı da unudulacaq, Qubanın palçığı da!

ORXAN
Избранный
60
football-plus.az

1Источники