Azərbaycanda əmək münasibətlərinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində qanunvericiliyə edilən dəyişikliklər ictimai müzakirə mövzusuna çevrilib. Xüsusilə məsafədən iş modelinin hüquqi tənzimlənməsi, işəgötürən və işçinin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi aktual məsələlər sırasında yer alır. Bu mövzu Şahin Əliyevlə “Ekspert rəyi” verilişində geniş şəkildə müzakirə olunub.
QHT.az xəbər verir ki, verilişinin budəfəki qonaqlarından biri – Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib ki, Əmək Məcəlləsində əmək münasibətləri çərçivəsində işəgötürən və işçinin hüquq və vəzifələri müəyyən edilir və məsafədən işlə bağlı bir sıra məsələlər artıq qanunvericilikdə öz əksini tapıb. Lakin bəzi məqamlar hələ də açıq qalır. Əsas məsələlərdən biri məsafədən işin harada yerinə yetirilməsidir. Bəzi ölkələrdə bu məsələ konkret tənzimlənir və iş yerinin sabit olması tələb olunur. Çünki işçinin istənilən məkandan – məsələn, avtomobildən və ya açıq ərazidən işləməsi əlavə hüquqi və sığorta problemləri yarada bilər:
"Dünya praktikasında məsafədən işin dörd əsas forması mövcuddur. Birinci halda işçi daimi olaraq məsafədən çalışır və onun üçün iş yerində ayrıca masa və ya ofis sahəsi ayrılmır. İkinci halda işçi iş vaxtının bir hissəsini məsafədən, digər hissəsini isə iş yerində yerinə yetirir. Üçüncü forma müəyyən layihə və ya müvəqqəti əsaslarla məsafədən işə cəlb olunmanı nəzərdə tutur. Dördüncü hal isə fövqəladə vəziyyətlər zamanı tətbiq olunur. Məsafədən iş yalnız intellektual fəaliyyəti əhatə etmir. Artıq bir sıra texniki avadanlıq və mexanizmləri də məsafədən idarə etmək mümkündür və bu tendensiya gələcəkdə daha da genişlənəcək. Bununla yanaşı, işəgötürən üçün ofis xərclərinin, avadanlıq və enerji sərfiyyatının azalması, işçi üçün isə vaxta qənaət kimi üstünlüklər mövcuddur".
QHT sədri həmçinin bildirib ki, bununla belə, məsafədən işlə bağlı sığorta məsələləri mütləq şəkildə dəqiqləşdirilməlidir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta haqqında qanunvericiliyə uyğun dəyişikliklər edilməzsə, sığorta şirkətləri məsafədən işləyən şəxslərlə bağlı riskləri qarşılamaya bilər. Məsələn, işçi evdə və ya başqa bir məkanda işləyərkən xəsarət alarsa, bunun istehsalat hadisəsi kimi tanınması hüquqi mübahisələr yarada bilər.
Pərvanə Fərhadqızı