RU

Tibb sahəsində süni intellekt böyük rol oynayacaq - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Mən inanıram ki, yaxın illərdə süni intellekt tibbin müxtəlif sahələrində prosesləri öz üzərinə götürəcək səviyyəyə çatacaq. Hətta ən mürəkkəb sahələrdə belə, uzun illər ərzində çoxsaylı mütəxəssislərin topladığı təcrübəni bir platformada birləşdirərək qərar dəstəyinə çevirmək mümkün olacaq.”

Bu fikirləri Hafta.az-a açıqlamasında Tibb elmləri doktoru, deputat Rəşad Mahmudov bildirib.

R.Mahmudov qeyd edib ki, təbii intellektin avtomatlaşdırılmış forması kimi dəyərləndirilən süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilməkdədir.

“Bu gün Prezidentin səsləndirdiyi bir fikir xüsusilə diqqətimi çəkdi: rəhbər vəzifədə olan hər bir insan süni intellektdən effektiv istifadə etməyi bacarmalıdır. Bu, təsadüfi deyil, zamanın tələbidir. Süni intellekt bəzi insanlarda narahatlıq və tərəddüd yarada bilər. Onun bəzən yanlış məlumat verə biləcəyi də qeyd olunur. Lakin məsələ texnologiyanın özündə deyil, ondan necə istifadə edilməsindədir. Doğru sual, düzgün istiqamətləndirmə və peşəkar yanaşma olduqda süni intellekt son dərəcə faydalı alətə çevrilir. Zaman keçdikcə onun real gücü daha aydın görünəcək,” – deyə R. Mahmudov vurğulayıb.

Deputat hesab edir ki, bunu yoxlamağın ən obyektiv yolu hər bir mütəxəssisin öz ixtisaslaşdığı sahə üzrə süni intellektlə dialoq qurmasıdır:

“İnsan onilliklər boyu topladığı bilik və təcrübəni sistemli və strukturlaşmış formada saniyələr içində görəndə, texnologiyanın imkanlarını daha real qiymətləndirə bilir. Əlbəttə, məlumatsız sahədə səthi suallar və düzgün yönləndirmə olmadan alınan cavablar yanlış nəticələrə səbəb ola bilər. Buna görə süni intellektdən ən səmərəli istifadə üsulu onu mütəxəssisin qərarını əvəz edən mexanizm kimi deyil, köməkçi, sürətləndirici və analiz dəstəyi verən vasitə kimi qəbul etməkdir.

Bu gün süni intellekt mühəndislikdən tibbin müxtəlif sahələrinə, təhsildən infrastruktur və kənd təsərrüfatına qədər geniş spektrdə daha sürətli, əlçatan və sistemli məlumat təqdim etmək imkanına malikdir. Bu, həyatımızı asanlaşdıran və qərarvermə prosesini gücləndirən yeni mərhələdir. Xüsusilə tibb sahəsində süni intellektin böyük rol oynayacağına inanıram. Diaqnostika, klinik qərar dəstəyi, risk analizi və fərdiləşdirilmiş müalicə istiqamətində çoxsaylı mütəxəssislərin topladığı təcrübəni vahid platformada birləşdirərək daha effektiv qərar mexanizmi formalaşdırmaq mümkün olacaq.

Unutmamalıyıq ki, süni intellekti yaradan və onu düzgün istifadə edən də insandır. Süni intellekt təbii intellektin avtomatlaşdırılmış formasıdır. Ona görə də düşünmə qabiliyyətimizi, peşəkar mühakiməmizi və məsuliyyət hissimizi hər zaman ön planda saxlamalıyıq. Bu halda süni intellekt bizim üçün təhlükə deyil, güclü tərəfdaş olacaq”.

Tahirə Qafarlı

Избранный
77
hafta.az

1Источники