RU

“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi illik əsasda həyata keçirdiyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BİCRA) prosesi çərçivəsində Azərbaycanın bank sektorunun sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdıraraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirib, iqtisadi risk komponenti üzrə proqnozu isə “stabil”dən “pozitiv”ə dəyişib.

Qiymətləndirmənin yaxşılaşdırılması üçün əsas olaraq “S&P” son üç il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə institutlarının tənzimlənməsi və nəzarətin modernizasiyası istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsini göstərib, risk əsaslı nəzarətin və daha təkmil tənzimləmənin bank sektorunda kredit riskinin azalmasına töhfə verməsinə dair gözləntiləri əks etdirdiyini vurğulayıb.

Agentlik Mərkəzi Bank tərəfindən təsdiqlənən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank sektoru üzrə digər tənzimləmələrlə yanaşı korporativ idarəetmə standartlarının yeniləndiyini, likvidlik riskinin idarə edilməsi üzrə qaydaların Bazel III standartlarına uyğunlaşdırdığını,likvidliyin örtülmə əmsalı üzrə tələblərin gücləndirildiyini, 2025-ci ilin mart ayından 0,5% səviyyəsində kontr-tsiklik kapital buferinin tətbiq edildiyini, eləcə də istehlak kreditləri və kredit kartları üzrə risklərin idarə olunması və anderraytinqi istiqamətində tənzimləmələrin təkmilləşdirildiyini xüsusilə qeyd edib.

“S&P” həmçinin Mərkəzi Bank tərəfindən 2026-cı ildə risk əsaslı nəzarət modelinə keçid, aktivlərin təsnifləşdirilməsi, ehtiyatların yaradılmasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9-un (IFRS 9) tətbiqi, kapital adekvatlığı çərçivəsinin Bazel III ilə uyğunlaşdırılması, stres-test tələblərinin və rezolyusiya çərçivəsinin təkmilləşdirilməsi istiqamətində olan təşəbbüslərin Azərbaycanda bank nəzarəti və tənzimləməsinin gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Agentlik 2026-cı ildə bankların aktivlərinin keyfiyyəti üzrə göstəricilərin sabit qalacağını və kredit portfelinin artım tempinin 10–12% intervalında olacağını proqnozlaşdırır. Təşkilat həmçinin region ölkələri arasında kreditlərin dollarlaşma səviyyəsinə görə ən aşağı göstəricinin Azərbaycan banklarının payına düşdüyünü xüsusilə vurğulayıb.

Qeyd edək ki, bir sıra beynəlxalq reytinq agentlikləri tərəfindən Mərkəzi Bankın həyata keçirdiyi institusional və tənzimləyici islahatların effektivliyi yüksək qiymətləndirilir. Bu təşəbbüslər ölkə reytinqinin yüksəldilməsinə mühüm töhfə verir.

Избранный
26
8
banco.az

9Источники