Bayram 17 fevral gecəsi qədəm qoyacaq və Odlu At ili kimi qeyd olunacaq...
Poliqon xəbər verir ki, dünyanın müxtəlif ölkələrində Şərq təqvimi ilə Yeni ilin qarşılanmasına hazırlıqlar başa çatmaq üzrədir. Bu il bayram fevralın 17-nə keçən gecə başlayacaq və ənənəvi Çin zodiakına əsasən Odlu At ili kimi qeyd olunacaq. Şərq mədəniyyətində At ili enerjisi, dinamizm, iradə və sürətli dəyişikliklərlə assosiasiya olunur, od elementi isə bu xüsusiyyətləri daha da gücləndirərək ehtiras və hərəkətlilik gətirir.
Ən möhtəşəm və kütləvi tədbirlər Çində keçirilir. Burada bayram adətən 15 gün davam edir və xüsusilə ilk üç gün ən vacib mərhələ hesab olunur. Bu müddət ərzində ölkə üzrə genişmiqyaslı şənliklər təşkil edilir, dövlət qurumları və müəssisələrin əksəriyyəti fəaliyyətini dayandırır, insanlar isə ailələri ilə bir araya gəlməyə üstünlük verirlər.
Yeni il ərəfəsində milyonlarla insanın həyata keçirdiyi ənənəvi “çun yun” miqrasiyası diqqət çəkir. Bu, dünyanın ən böyük mövsümi köçü hesab olunur. İnsanlar çalışdıqları şəhərlərdən doğma bölgələrinə qayıdaraq bayramı ailə dairəsində keçirməyə çalışırlar. Şərq mədəniyyətində Yeni ilin ailə birliyi ilə qarşılanması xüsusi əhəmiyyət daşıyır və rifahın, uğurun əsas şərtlərindən biri sayılır.
Bayram ənənələri sırasında genişmiqyaslı atəşfəşanlıqlar, şər qüvvələri qovduğuna inanılan fişəng nümayişləri, həmçinin əfsanəvi əjdaha və şir rəqsləri mühüm yer tutur. Küçələr və evlər qırmızı rəngli bəzəklərlə, xoşbəxtlik və firavanlıq simvolları ilə bəzədilir. Böyüklər tərəfindən uşaqlara və gənclərə içərisində pul olan qırmızı zərflərin – “xoşbəxtlik payı”nın verilməsi isə bolluq və uğur arzusunun ifadəsi kimi qəbul edilir.
Şənliklərin kulminasiya nöqtəsi isə martın 3-də keçiriləcək Fənərlər Festivalı olacaq. Minlərlə rəngarəng fənərin səmanın müxtəlif nöqtələrini işıqlandırdığı bu mərasim qışın başa çatmasını, işığın və istiliyin qayıdışını simvolizə edir. Festival çərçivəsində konsert proqramları, milli tamaşalar və kütləvi yürüşlər təşkil olunur.
Şərq təqvimi ilə Yeni il təkcə Çində deyil, həmçinin Asiyanın bir sıra digər ölkələrində və dünyanın müxtəlif bölgələrində yaşayan milyonlarla insan tərəfindən təntənə ilə qeyd olunur. Bayram həm mədəni irsin qorunması, həm də ailə dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Poliqon.info