Deputatın sözlərinə görə, biz istəyərdik ki, münasibətlərimiz yenə əvvəlki səviyyəyə çatsın, çünki artıq Ermənistan və Azərbaycan arasında sülh prosesi geridönməz hal alıb. Ortada Vaşinqton razılaşmaları var və Zəngəzur dəhlizi, yəni trans-marşrutun işləməsi ilə bağlı ciddi proseslər gedir: “Yeni şəraitdə Fransa-Azərbaycan münasibətlərinin əvvəlki normal vəziyyətə qayıdacağına böyük ümidlər var. Xüsusilə Kopenhagendə Azərbaycan və Fransa prezidentlərinin səmimi görüşü inam yaradır ki, aramızdakı ziddiyyətlərin aradan qaldırılması hər iki tərəfin maraqlarına xidmət edir. Cənab Prezident bu səfər çərçivəsində bir sıra digər görüşlər də keçirdi. Xüsusilə qeyd etmək istərdim ki, səfər çərçivəsində dəhlizlərlə bağlı panel keçirildi və Azərbaycan Prezidenti də həmin paneldə iştirak etdi. Azərbaycanın Zəngəzur dəhlizinin TRİPP layihəsinin reallaşmasında son dərəcə maraqlı olduğunu bildirdi və qeyd etdi ki, bu layihə Orta dəhlizin mühüm komponenti olacaq. Nəticədə Çindən gələn mallar Mərkəzi Asiya, oradan Xəzər dənizi ilə Azərbaycana, Azərbaycandan Gürcüstana, sonra Ermənistana, Naxçıvandan keçməklə Türkiyəyə, Türkiyədən Avropaya çatdırılacaq. Eyni zamanda vurğuladı ki, Çindən gələn malların Qırğızıstana, Qırğızıstandan Özbəkistana, sonra Türkmənistana, oradan Azərbaycana və eyni xətt üzrə Zəngəzur dəhlizi ilə Avropaya çatdırılması istiqamətində də növbəti yolun çəkilişi həyata keçirilir. Bu isə Azərbaycanın son dərəcə ciddi tranzit və nəqliyyat dəhlizi ölkəsi olduğunu göstərir. Perspektivdə fiber-optik layihələrin reallaşdırılması istiqamətində də ciddi addımların atılması planlaşdırılır”. E.Nəsirov bir daha qeyd edib ki, cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı həm ölkəmizin malik olduğu potensialın nümayişi, həm Azərbaycanın xarici investisiyaların cəlb edilməsi baxımından imkanlarının göstərilməsi, həm də Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması, xüsusilə də dəhlizlər məsələsində mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim olunması prizmasından olduqca əhəmiyyətli olub. Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə və Münxendə səsləndirilən mesajlar fonunda Azərbaycan–Ermənistan münasibətlərinin normallaşma prosesində əsas hüquqi və siyasi maneələr hansılardır?Millət vəkili Elçin Mirzəbəyli isə öz cavabında bildirib ki, Vaşinqtonda paraflanan sülh müqaviləsi və imzalanmış üçtərəfli bəyannamə bölgədə sülhün davamlı olmasına təminat verəcək faktor kimi dəyərləndirilməlidir:
“Burada yekun sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilər ki, Azərbaycanın ilk gündən yekun sülh müqaviləsi ilə bağlı mövqeyi aydındır. Cənab Prezident də Münhen Təhlükəsizlik Konfransında bütün bu məqamlara ətraflı şəkildə aydınlıq gətirdi. Yəni prinsip etibarilə, əgər bir dövlətin Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadən başqa bir dövlətə qarşı ərazi iddiaları irəli sürülürsə və davam etdirilirsə, nəticə etibarilə bu, hər hansı bir formada sülh müqaviləsinin imzalanmasına imkan vermir. Əslində, Ermənistanın Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadən yer alan bu iddialar güclə təhdid faktorunu ortaya qoyur ki, bu da BMT nizamnaməsinin əsas prinsiplərinin pozulması deməkdir”. Millət vəkilinin fikrincə, Ermənistanda konstitusiya islahatları təkcə Azərbaycanla bağlı ərazi iddialarının oradan çıxarılmasını təmin etməyəcək, eyni zamanda Ermənistan Konstitusiyasının beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT nizamnaməsinə uyğunlaşmasını təmin edəcək: “Bu baxımdan, prinsipial olaraq ölkənin mövqeyi ortalıqdadır. Həmin iddialar qaldığı halda Azərbaycanın Ermənistanla yekun sülh müqaviləsi imzalaması paradoksal olardı. Bu mövqe, qənaətimə görə, Azərbaycan Respublikasının tərəfdaşları tərəfindən də qəbul olunur, çünki kifayət qədər əsaslandırılmış, arqumentli və reallığı əks etdirən bir mövqedir”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.