RU

Məktəblərdə yeniyetmələr üzrə polis inspektoru daimi fəaliyyət göstərə bilər? AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son dövrlər istər özəl, istərsə də dövlət məktəblərində baş verən xoşagəlməz hadisələr – şagirdlər arasında zorakılıq, aqressiv davranışlar, sosial şəbəkələrdə yayılan mübahisəli görüntülər və digər insidentlər – cəmiyyətdə narahatlıq yaradıb. Sosial şəbəkələrdə müzakirələr fonunda tez-tez səslənən suallardan biri isə belədir: niyə məktəblərdə yeniyetmələr üzrə polis inspektoru daimi fəaliyyət göstərmir?

Cəmiyyətin bir qismi hesab edir ki, məktəbdə hüquq-mühafizə orqanlarının nümayəndəsinin daimi olması profilaktik təsir göstərə, intizamı gücləndirə və potensial hüquq pozuntularının qarşısını ala bilər. Digər tərəfdən, təhsil mühitinin psixoloji xüsusiyyətləri, pedaqoji yanaşma və uşaqlarla işin spesifikliyi məsələyə daha həssas yanaşmanı tələb edir.

Məlumdur ki, Daxili İşlər Nazirliyi sistemində yetkinlik yaşına çatmayanlarla profilaktik iş aparan inspektor ştatı mövcuddur və onlar məktəblərə təhkim olunurlar. Lakin bu, həmin inspektorun konkret məktəbdə daimi oturması demək deyil. Onların fəaliyyəti ərazi prinsipi üzrə təşkil edilir və bir inspektor bir neçə təhsil müəssisəsinə cavabdeh olur.

Bəs bu model nə dərəcədə effektivdir? Məktəbdə yeniyetmələr üzrə polis inspektorunun daimi yerləşdirilməsi həqiqətən təhlükəsizliyi artırarmı, yoxsa bu addım təhsil mühitinin mahiyyətinə zidd olar? Problemin həlli inzibati nəzarətdədir, yoxsa profilaktika, psixoloji dəstək və erkən müdaxilə mexanizmlərində?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti İlqar Orucov məsələyə hüquqi, pedaqoji və beynəlxalq təcrübə prizmasından aydınlıq gətirdi.

O bildirdi ki, Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektor ştatı mövcuddur. Dediyinə görə, onlar hər bir məktəbə təhkim olunublar, lakin onların işi stasionar deyil:

"Yəni onların məktəbdə daimi oturmaq kimi vəzifə funksiyaları yoxdur. Onların işi ərazi prinsipi əsasında qurulur. Yəni bir inspektor, məsələn, bir neçə məktəbə cavabdehlik daşıdığı üçün fiziki olaraq hər gün eyni məktəb binasında ola və ya orada əyləşə bilməz. Bu baxımdan məktəbdə stasionar qaydada daimi oturmaq kimi bir məcburiyyət yoxdur. “Məktəbdə oturmursan, amma ora təhkim olunmusan” kimi yanaşma düzgün deyil. Həmin inspektorlar məktəbin ştatlı əməkdaşları deyil, hüquq-mühafizə orqanlarının, yəni Daxili İşlər orqanlarının əməkdaşlarıdır. Buna görə də onların məktəbdə daimi olması məcburi deyil. Təhsil psixologiyası baxımından məktəbdə polisin istər daimi formada, istərsə də silahlı şəkildə olması pedaqoji yanaşmalarda mənfi effekt kimi qiymətləndirilir. Bu, şagirdlərdə məktəbin təhsil ocağı deyil, nəzarət zonası olması təəssüratını yarada bilər. Bu baxımdan polis inspektorlarının məktəbdə daimi olması düzgün hesab edilmir və belə bir yanaşma da mövcud deyil. Problemli şagirdlər polisin varlığına qarşı daha qapalı və daha aqressiv davranaraq, məsələn, məktəbdən kənarda mübarizə aparmağa meyilli ola bilərlər. Bunlar pedaqoji yanaşmalardır. Bu səbəbdən biz polisin məktəbdə daimi olmasını tələb edə bilmərik və qeyd etdiyim kimi, belə yanaşma düzgün deyil".

Müsahibimiz qeyd etdi ki, Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə müəyyən alternativ alətlərdən istifadə edir:

"Hesab edirəm ki, bu, daha doğru yanaşmadır. Peşəkar yanaşma polisin fiziki olaraq dəhlizlərdə dayanmasını deyil, məlumat mübadiləsinin avtomatlaşdırılmasını tələb edir. Yəni məktəbdə hüquqa zidd hər hansı fəaliyyət mövcud olduğu halda, həmin prosesə polis müdaxiləsi mümkündür. Qeyd etdiyim alternativ alətlərdən biri Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Məktəblinin dostu” layihəsidir. Hazırda Bakı və iri şəhərlərdə bu layihə polislə məktəb arasında əlaqələndirici və hadisələrə münasibətdə nəzarətedici funksiyanı həyata keçirir. “Məktəblinin dostları” hadisədə hər hansı kriminal meyil hiss etdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat ötürməlidirlər. Hesab edirəm ki, bu, daha doğru yanaşmadır. Məktəb rəhbərliyi çox vaxt hadisəni məktəb daxilində həll etməyə və onu böyütməməyə meyilli olur. Lakin mən düşünürəm ki, peşəkar həll yolu hadisəni gizlətmək deyil, onu zamanında üzə çıxarmaq və problemi həll etməkdir. Zərurət olduqda inzibati rıçaqlar tətbiq edilməli və ümumilikdə ehtiyatlı davranılmalıdır. Peşəkar yanaşma həm də pedaqoji və psixoloji alətlərin tətbiqini nəzərdə tutur. Hadisə peşəkar şəkildə təhlil edilməli və problemin həllinə nail olunmalıdır".

Ekspert xarici təcrübəyə də nəzər saldı.

"Məsələn, bir çox ölkələrdə - Amerika Birləşmiş Ştatlarında və bəzi Avropa ölkələrində sistem fərqlidir. Orada məktəbdə daimi olaraq, lakin mülki geyimdə fəaliyyət göstərən və şagirdlərlə məsləhətçi kimi ünsiyyət quran polis əməkdaşları olur. Onlar yalnız cinayət törədildikdə polis funksiyasını icra edirlər. Qalan vaxtlarda isə təhlükəsizlik mühitini idarə edirlər. Bu halda polisin mövcudluğu kriminala və pozucu fəaliyyətə meyilli şagirdlərin vaxtında müəyyən edilməsinə, profilaktik işin gücləndirilməsinə və valideynlərlə birgə düzgün mexanizmlərin həyata keçirilməsinə xidmət edir.

Bu mənada Azərbaycanda ümumilikdə kriminogen durum stabildir. Polis vəzifəsini yüksək peşəkarlıqla icra edir. Mən düşünmürəm ki, Azərbaycan məktəblərində xüsusi təhlükəli kriminal tendensiyalar mövcuddur. Təbii ki, müəyyən hadisələr və epizodlar olur və bunlar həmişə olub. Lakin biz istəyirik ki, məktəb mühiti bu kimi hallardan tamamilə uzaq olsun. Hər birimiz bunu arzulayırıq. Buna görə də hamı məktəbin yanında olmalıdır cəmiyyət, ailələr, hüquq-mühafizə orqanları, ziyalılar, jurnalistlər. Məqsəd məktəbi qorumaq və onu neqativ hallardan hifz etməkdir. Əgər buna nail olsaq, gələcəkdə sağlam vətəndaşlar formalaşdırmış olarıq və cəmiyyət ümumilikdə sağlam olar. Bu baxımdan kompleks və birgə yanaşma daha düzgündür, nəinki məsələyə yalnız inzibati üsullarla və ya qorxu vasitəsilə yanaşmaq. Hüquqi maarifləndirmə də vacibdir. Davranışında problem olan və ya kriminala meyilli uşaqlar da bizim övladlarımızdır. Onlarla zamanında və düzgün iş aparmaq, onları sağlam cəmiyyətə qazandırmaq ən doğru yanaşmadır", - deyə İlqar Orucov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
1
redaktor.az

2Источники