RU

Gülər Sultanzadə: "Sülhü təmin edən Azərbaycan Münxendə yeni diplomatik statusunu bəyan etdi"



Fevralın 13-də Münxendə səslənən fikirlər adi diplomatik bəyanat deyildi. Bu, artıq müharibədən çıxmış, suverenliyini tam bərpa etmiş və regionun siyasi xəritəsini dəyişmiş bir dövlətin öz mövqeyini dünyaya çatdırması idi. Cənab Prezident İlham Əliyev İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan telekanallarına verdiyi müsahibə ilə həm regiona, həm də qlobal güc mərkəzlərinə açıq mesaj ünvanladı.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Partiya fəalı fikirlərini davam etdirərək bildirib ki, bu mesajın ana xətti aydındır: Azərbaycan artıq münaqişə ölkəsi deyil. Azərbaycan sülhü təmin etmiş dövlətdir. Cənab Prezidentin “ilk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” fikri diplomatik lüğətdə yeni statusun elanıdır. Uzun illər beynəlxalq tribunalarda ədalət tələb edən Azərbaycan indi reallığı diktə edən tərəf kimi danışır. Müsahibənin ən mühüm istiqamətlərindən biri Ermənistanla münasibətlərə dair idi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, artıq faktiki sülh mövcuddur. Vaşinqton görüşləri, imzalanmış sənədlər və paraflanmış müqavilə regionda müharibə mərhələsinin bağlandığını göstərir. Burada incə, amma prinsipial məqam var: Azərbaycan sülhü reallıq kimi təqdim edir, lakin hüquqi rəsmiləşmənin qarşısındakı məsuliyyəti qarşı tərəfin üzərinə qoyur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması formal müqavilənin önündə əsas maneədir. Bu mövqe emosional deyil, hüquqi əsaslıdır. Bu, beynəlxalq ictimaiyyətə ünvanlanan bir çağırışdır: sülhün gecikməsi Bakıdan asılı deyil. Azərbaycanın diplomatik xətti burada son dərəcə aydındır və biz imzalamağa hazırıq, amma suverenliyimizə kölgə salan müddəalar aradan qaldırılmalıdır. Bu, qalib tərəfin ultimativ ritorikası deyil, hüquqi ardıcıllığıdır. Müsahibənin qlobal ölçüsü isə daha geniş idi. Cənab Prezident beynəlxalq hüququn effektivliyini açıq şəkildə sual altına qoydu. Bu fikir təsadüfi səslənmir. Azərbaycan onilliklər boyu icra olunmayan qətnamələrin şahidi olub. İndi isə həmin təcrübə ümumiləşdirilərək sistemli yanaşmaya çevrilir. Yeni dünya düzəni haqqında deyilənlər əslində beynəlxalq münasibətlərə ünvanlanmış siyasi manifestdir: güc hüququ deyil, hüququn gücü işləməlidir. Əgər beynəlxalq təsisatların fəaliyyəti iflic vəziyyətdədirsə, alternativ mexanizmlər formalaşmalıdır. Bu kontekstdə “Sülh Şurası” təşəbbüsünə müsbət yanaşma Azərbaycanın yeni platformalarda fəal iştirak niyyətini göstərir. Bakı artıq təkcə regional təhlükəsizlik aktoru deyil, qlobal təhlükəsizlik arxitekturasında söz demək iddiasındadır.
Münxendə səslənən digər mühüm xətt Azərbaycanın bağlantı strategiyası idi. Enerji kəmərlərindən başlanan yol artıq nəqliyyat marşrutları ilə davam edir və indi rəqəmsal infrastruktur mərhələsinə qədəm qoyur. Neft və qaz kəmərləri regionun enerji təhlükəsizliyini təmin edən arteriyalara çevrilib. Dəmir yolu layihələri Avropa ilə Asiyanı birləşdirir. Zəngəzur dəhlizi isə bu xəritəni tamamlayan həlqə kimi təqdim olunur. Lakin cənab Prezident bununla kifayətlənmir, bildirir ki, elektrik kabelləri, fiber-optik xətlər, məlumat mərkəzləri və süni intellekt infrastrukturu artıq gündəmdədir. Bu yanaşma göstərir ki, Azərbaycan öz coğrafi mövqeyini təkcə tranzit üstünlüyü kimi deyil, geosiyasi dəyər kimi təqdim edir. Şərqlə Qərb arasında körpü olmaq artıq poetik metafora deyil, iqtisadi və texnoloji reallıqdır. Müsahibənin dərin qatında daha bir əsas fikir dayanır – təhlükəsizliyin təminatçısı yalnız öz gücündür. Azərbaycan hərbi, siyasi və iqtisadi imkanlarını səfərbər edərək suverenliyini bərpa edib. Bu, post-münaqişə dövründə dövlətçilik modelinin əsasını təşkil edir. Bu model xarici asılılıqlara deyil, milli potensiala söykənir. Nəticədə beynəlxalq nüfuz artır, regional təsir gücü genişlənir və diplomatik mövqe möhkəmlənir. Bugünkü reallıq belədir: müharibə səhifəsi bağlanıb. Siyasi sənədlər imzalanıb. Sülh müqaviləsi paraflanıb. Yeganə gözlənilən addım – Ermənistanın konstitusion düzəlişləridir. Bu mərhələni “sülhün institusionallaşdırılması mərhələsi” adlandırmaq olar. Yəni reallıq artıq mövcuddur, indi onun hüquqi möhürü vurulmalıdır. Münxendə səslənən fikirlər göstərdi ki, Azərbaycan prosesə nəzarət edən tərəfdir. Tələsmir, lakin geri də çəkilmir. Prinsiplərindən imtina etmir, amma əməkdaşlıq çağırışını da davam etdirir.
Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan artıq müdafiə mövqeyində deyil. Azərbaycan gündəm formalaşdıran dövlətdir. Sülhü qazanan tərəf kimi danışır, regionun enerji və nəqliyyat xəritəsini müəyyən edir, yeni dünya düzənində öz yerini tələb edir. Münxendən dünyaya ünvanlanan əsas mesaj budur. Cənubi Qafqazda yeni reallıq formalaşıb və bu reallığın mərkəzində Azərbaycan dayanır. Sülh artıq iddia deyil, nəticədir. İndi isə bu nəticənin hüquqi və institusional çərçivəsinin tamamlanması mərhələsi yaşanır. Tarixin bu dönüş nöqtəsində Azərbaycan öz sözünü deyib. İndi həmin sözün beynəlxalq sənədlərdə əksini tapması qalır-deyə Gülər Sultanzadə fikrini yekunlaşdırıb.



Избранный
51
aia.az

1Источники