RU

Yunanıstan təqaüdçülər üçün bu ilin ən cəlbedici məkanları sırasındadır

Afina, 16 fevral, AZƏRTAC

Yunanıstan 2026-cı il üzrə beynəlxalq təqaüd reytinqlərində dünyanın ən cəlbedici məkanları sırasında yer alıb.

AZƏRTAC xəbər verir ki, reytinq müxtəlif meyarlar – həyat keyfiyyəti, yaşayış xərcləri, iqlim, səhiyyə sistemi və təhlükəsizlik göstəriciləri əsasında formalaşdırılıb.

Məlumata görə, Yunanıstanın yüksək mövqedə qərarlaşmasının əsas səbəblərindən biri münasib yaşayış xərcləri və Aralıq dənizi iqlimidir. Xüsusilə Avropa və Şimali Amerikadan olan təqaüdçülər üçün gündəlik xərclərin nisbətən aşağı səviyyədə qalması ölkəni uzunmüddətli yaşayış üçün əlverişli edir. Yunanıstanın inkişaf etmiş səhiyyə infrastrukturu və dövlət tərəfindən tətbiq olunan vergi güzəştləri də ölkənin cəlbediciliyini artıran amillər sırasındadır. Xaricdən gələn təqaüdçülər üçün müəyyən vergi təşviqlərinin mövcudluğu maliyyə baxımından üstünlük yaradır.

Ekspertlərin fikrincə, sosial mühit, təhlükəsizlik səviyyəsi və zəngin mədəni həyat da Yunanıstanı təqaüd dövrünü sakit və aktiv keçirmək istəyən şəxslər üçün uyğun istiqamətə çevirir. Xüsusilə ada bölgələri və sahilyanı şəhərlər xarici vətəndaşların diqqətini cəlb edir.

Beləliklə, 2026-cı il üzrə beynəlxalq qiymətləndirmələr Yunanıstanın qlobal miqyasda təqaüdçülər üçün ən cəlbedici ölkələrdən biri kimi mövqeyini möhkəmləndirdiyini göstərir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Избранный
99
azertag.az

1Источники