RU

“Berluskoni mənim yanımda Putinə zəng vurdu” Kaladzenin fikrincə, A seriyasının səviyyəsi aşağı düşüb

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bir qədər stajlı futbolsevərlər, yəqin ki, gürcüstanlı Kaxaber Kaladzeni gözəl xatırlayırlar. "Football-plus.az" xəbər verir ki, da Andrey Şevçenko kimi 1990-cı illərin sonlarında Kiyev ''Dinamo''sunda özünü yaxşı tərəfdən göstərəndən sonra ''Milan''a yollandı və burda əsl ulduza çevrildi. Təxminən 25 il öncə - 2001-in yanvarında İtaliya nəhəngi bu futbolçuya görə 16 milyon avro ödəmişdi. Şevçenkodan fərqli Kaladze müdafiəçi idi, üstəlik ''Milan''da daha uzun müddət qaldı. O, 2001-10-cu illərdə ''rossonyerlər''in heyətində 283 oyuna çıxdı və ikisi ÇL olmaqla 8 titul qazandı. Futboldan sonra siyasətə atılan və 2017-dən bəri Tbilisinin meri kimi çalışan 47 yaşlı Kaladze bugünlərdə Milan şəhərində olub. ''Qazetto dello Sport''un əməkdaşları fürsətdən istifadə edərək ondan müsahibə götürüblər. Kaladze klubla bağlı xatirələri, müasir ''Milan'', Massimiliano Alleqrinin gördüyü iş və başqa məqamlar haqda danışıb.- ''Milan''dakı debütünüzü xatırlayırsızmı?- Əlbəttə. Həmin oyunun detallarını indiyə qədər də çox gözəl xatırlayıram. ''San Siro''da ''Reccina''nı 1:0 məğlub etmişdik. Qələbə qolunu Leonardo vurmuşdu. Yadımdadı ki, öz oyunumdan çox razı qalmışdım. Ümumiyyətlə, Milana tez-tez gəlib-gedirəm. Bura mənim ikinci evimdi. Bu şəhər mənə həyatda çox şey bəxş edib. Bura çox gənc yaşda gəlmişdim. Ayrılarkən isə artıq kişiyə çevrilmişdim... - Bu hələ də sizin ''Milan''dı?- Belə deməzdim. Ən azı ona görə ki, Silvio Berluskoni artıq burda yoxdu. Həm də ümumilikdə İtaliya futbolu o dönəmlə müqayisədə çox dəyişib. Mən bura gələndə A seriyası birmənalı şəkildə Avropanın ən güclü milli çempionatı idi. Dünya səviyyəli ulduzlar təkcə ''Milan'', ''Yuventus'', ''İnter'' kimi nəhənglərdə yox, eləcə də ''Parma'', ''Fiorentina'', ''Latsio'' və ''Roma'' kimi klublarda çıxış edirdi. Amma bu gün çempionatın həm səviyyəsi, həm də texniki göstəriciləri aşağı düşüb.- ''Milan'' Çempionlar Liqasını sonuncu dəfə sizin oynadığınız dönəmdə - 2007-ci ildə qazanıb. Finalda İnzaqinin dublu həlledici olmuşdu. Amma etiraf edək ki, İnzaqi texnika cəhətdən vunderkind deyildi. Elə deyilmi?- Pippo inanılmaz futbolçu idi. Məşqlərdə tez-tez onunla zarafatlaşırdıq. Onu məsxərəyə qoyurduq. Çünki bir də görürdün, ardıcıl 10 dəfə müdafiəçini keçə bilmirdi. Amma onda sanki anadangəlmə bir özəllik var idi. Məhz bu özəllik onu öz dönəminin ən qorxulu hücumçularından birinə çevirmişdi.- Karyeranız ərzində qarşısını kəsməli olduğunuz ən güclü futbolçu kim olub?- Bu suala dərhal cavab vermək bir qədər çətindi. Amma yəqin ki, Zlatan İbrahimoviçin adını çəkərəm. Fiziki cəhətdən, sadəcə, inanılmaz bir gücə sahib idi. Bir dəfə Milan derbisində 1:2 hesabıyla uduzmuşduq. Həmin oyunda İbrahimoviç mənə əsl zülm yaşatmışdı.- ''Milan''ın bu mövsüm ÇL kimi turnirdə iştirak etməməsi sizi məyus edirmi?- Əlbəttə. Etməyə bilərmi?! Bu mövsüm liqa mərhələsinin sonuncu turu həqiqətən maraqlı alındı. Amma biranlığa öz-özümə düşündüm ki, sanki nəsə çatışmır. Həmin ''nəsə'' məhz ''Milan'' idi. Maks Alleqri acıqlamalarının birində qeyd etmişdi ki, ÇL-ə qayıtmaq ''Milan''ın borcudu. Bəli, çox düzgün vurğulayıb. Orda olmaq ''Milan'' kimi bir klubun borcudu. - Yeri gəlmişkən, xəbəriniz varmı ki, 2025-ci ilin mayın 31-dən etibarən siz artıq futbol tarixində ÇL-i qazanmış yeganə gürcüstanlı futbolçu deyilsiz? - Bəli, xəbərim var. Kvaratsxeliyanın bu uğuru məni çox sevindirdi. Onun atasını da gözəl tanıyıram. Vaxtilə Gürcüstanda birlikdə top qovmuşuq. Xviça əla oğlandı. Hətta deyərdim, lazım olandan daha çox utancaqdı. Xüsusi keyfiyyətlərə malik futbolçudu. Ancaq sizə bir şey deyim ki, ÇL-i iki dəfə qazanmış yeganə gürcüstanlı futbolçu statusu hələ də məndədi (gülür). - ''Milan'' ötən mövsümü 8-ci pillədə başa vurdu. Amma Alleqrinin gəlişindən sonra komanda əvvəlki iddiasını geri qaytardı. Bunu ''Milan''ın geridönüşünün əsası adlandırmaq olarmı? - Çoxları bəlkə də xatırlamır, amma mən ''Milan''a gəldiyim dönəmdə də işlər yaxşı getmirdi. Klub bir neçə il idi heç nə qazanmırdı. Turnir cədvəlindəki durumumuz idealdan uzaq idi. Karlo Ançelottinin gəlişi ilə hər şey dəyişdi. Onun təyinatı həlledici məqam oldu. Bugünkü ''Milan'' da son illərdə çempion ola bilməyən komandadı. Amma Alleqrinin gördüyü iş ən xoş sözlərə layiqdi. O, ''Milan''a qalib mentallığını qaytardı. Onlar indi yenə əsl komanda təsiri bağışlayırlar. Bütün bunları nəzərə alanda qeyd etdiyiniz geridönüşün ilk addımı artıq atılıb. - Ançelottinin əlinin altında böyük çempionlar toplaşmışdı. Bəs bugünkü ''Milan''ın heyətində böyük futbolçular varmı?- Az öncə də qeyd etdiyim kimi ümumilikdə səviyyə çox aşağı düşüb. Ona görə də bizim dönəmlə paralellər aparmaq çətindi. Ancaq bizim komandanın uğurunun sirri təkcə futbolçuların ustalıq səviyyəsinin yüksək olmasında deyildi. Bizim ''Milan'' böyük bir ailə kimi idi. Tez-tez birlikdə müxtəlif əyləncəli yerlərə, eləcə də şam etməyə gedirdik. Yəni futbolçular bir-biri ilə çox yaxın idi. Məncə, o illərdə bu qədər uğurlu olmağımızın əsas səbəbi məhz bu amil idi. - Bugünkü heyətdə ən çox bəyəndiyiniz futbolçu kimdi? - Kristian Pulişiçin əla qol duyumu var. Təbii ki, yaşına baxmayaraq, Luka Modriç də xüsusi qeyd olunmağa layiqdi. Hərdən mənə elə gəlir ki, Modriçin yaşı rəqib oyunçulardan daha çox mənim yaşıma yaxındı (gülür). Mayk Menyanı da unutmaq olmaz. Mənim üçün o, dünyanın ən yaxşı qapıçılarından biridi. - Bəs Rafael Leao? - Onun İtaliyada nə qədər tənqid olunması barədə məlumatım var. Amma Leao həm fiziki, həm də texniki cəhətdən inanılmaz dərəcədə güclüdü. Bu ''Milan'' artıq bəhanələrin arxasında sığınmadan böyük qələbələr qazanmaq istəyir. Ona görə də Leao bu komanda üçün çox mühüm futbolçulardan biridi. - İndiki ''Milan''da yeni Kaladze və ya sizin davamçınız ola biləcək futbolçu varmı? - Straxinya Pavloviçin adını çəkərdim. Çünki həm solaxaydı, həm də bədən quruluşu mənimkinə bənzəyir. Hərçənd Pavloviç hələ gəncdi və üzərində çalışmaqda davam etməlidi. Oyununun bəzi aspektlərini gücləndirməlidi. Amma düşünürəm ki, Pavloviç düzgün yoldadı. - Böyük müdafiəçilərdən danışırıqsa, Paolo Maldinini qeyd etməmək olmaz. 25 il öncə ''Milan''a gələrkən onun paltardəyişmə otağındakı varlığı sizə necə təsir göstərdi? - Təkcə bir faktı deyim ki, uşaqlıq və yeniyetməlik illərimdə otağımın divarlarında onun şəkilləri asılmışdı. ''Dinamo''da mənimlə birlikdə oynayan Şevçenko ''Milan''a transfer olunduqdan sonra onunla hər söhbətimdə ən çox Maldini barədə suallar verirdim. Ancaq bu, elə məsələdi ki, öz gözünlə görənə qədər reallığı anlamırsan. Mən də ''Milan''a keçdikdən və Maldini ilə şəxsən tanış olduqdan sonra onun nə üçün bu qədər dahi olduğunu anladım. Paolo hələ əfsanəyə çevrilməmiş də çox sadə, təvazökar və xüsusi bir insan idi. Ondan çox şey öyrənmişəm. - Son illərdə siyasətə atıldığınızı nəzərə alsaq, bu baxımdan Berluskonidən müəyyən şeylər mənimsədiyinizi söyləmək olarmı? - Əlbəttə. Sizə Berluskoni ilə bağlı bir hadisəni danışım. 2008-ci ildə, bildiyiniz kimi, Gürcüstanda müharibə gedirdi. Vəziyyət həqiqətən də çox gərgin və acınacaqlı idi. Berluskoninin Vladimir Putin ilə yaxşı münasibətlərdə olduğunu nəzərə alaraq onun yanına getdim. Ondan yardım istədim və bu vəziyyətlə bağlı nəsə edə bilib-bilməyəcəyi ilə maraqlandım. Berluskoni mənim yanımda Putinə zəng vurdu. Bir müddət sonra isə sülh müqaviləsi imzalandı. Mənim üçün Silvio təkcə dahi prezident deyildi. Eyni zamanda, güclü sahibkar və siyasətçi idi. Ancaq hər şeydən öncə o, yaxşı insan idi. - Yaxın dostunuz Şevçenko ilə Ukraynadakı vəziyyəti müzakirə etmisizmi? - Biz onunla bir neçə dəfə bu mövzuda danışmışıq. Biz də Gürcüstanda buna bənzər olaylar yaşamışdıq. Müharibə harda olur-olsun, həmişə dəhşətli bir şeydi. Mənim üçün əsas sual odu ki, bu yolun sonu bizi hara aparır? Bu suala heç cür cavab tapa bilmirəm. ƏLİ RAUFOĞLU hazırladı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
icma.az

2Источники