Danimarka və ABŞ arasında Qrenlandiyanın mənsubiyyəti ilə bağlı mübahisə həll olunmayıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransındakı debatlar zamanı bildirib.
"Düşünürəm ki, Amerika prezidentinin (Donald Trampın - red.) istəyi eynidir (Qrenlandiyaya nəzarət etmək - red.). Krallıq və Avropa bununla razı deyil. Bircə onunla razıyıq ki, Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha çox iş görülməlidir".
Xatırladaq ki, fevralın 13-də Frederiksen ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.
ABŞ administrasiyası yanvarın 31-də Qrenlandiyanın gələcək mənsubiyyəti ilə bağlı danışıqların başladığını bildirərək həm Ağ Ev, həm də Avropa üçün yaxşı sazişə nail olunacağına ümid ifadə edib. Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruri olduğunu bildirib.
Qrenlandiya muxtar ərazi statusunda Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə imzalayıb. Buna əsasən ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb.
"Cebheinfo.az"