RU

“Beşiktaş” yenə “Alanyaspor”la bacarmadı - “Trabzonspor” derbidə parlaq qələbə qazandı

Tura ötən həftənin şənbə günü keçirilən iki oyunla start verildi.

"Football-plus.az" xəbər verir ki, çox çətin dönəmdən keçən “Antalyaspor” hətta 3 aydı qələbəsi olmayan və sonuncu pillədən möhkəm yapışan “Fatih Karagümrük”ə də uduzmağa özündə güc tapdı.

Günün digər oyunu Qaradəniz derbisinə təsadüf etdi. “Samsunspor” son vaxtlar çox qeyri-sabit oynamasına baxmayaraq, fanatları önündə bu matçın favoriti sayılırdı. Amma çempion olduğu 2021/22-dən bəri ən yaxşı mövsümünü keçirən Trabzon klubu prinsipial rəqibini meydandan silib-süpürdü. Dubl edən Onuaçu həm qələbədə mühüm rol oynadı, həm də bombardirlər yarışında liderliyə yüksəldi. “Samsunspor”un oyunboyu 11 zərbəsindən heç biri “çərçivə”yə düşmədi. Samsun təmsilçisi superliqada 2012-nin fevralından (“Bursaspor”, 0:3) bəri ilk dəfə evdə 3 top fərqi ilə məğlub oldu.

Daha bir heyrət doğuran fakt odu ki, “Trabzonspor” bu rəqibi sonuncu dəfə səfərdə 2004-cü ilin dekabrında yenmişdi! Bu mövsüm evdə uduzmayan “Trabzonspor”un növbəti tur fanatları önündə “Fənərbaxça”ya qarşı keçirəcəyi dueli indidən səbirsizliklə gözləməyə dəyər.

Bazar gününün qarşılaşmaları meydan sahibləri üçün çox uğursuz keçdi. Yaxşı formada olan “İstanbul BŞ” səfərdə “Eyüpspor”u yenməklə son 6-cı turda 5-ci qələbəsini qazandı. Hələ ki Türkiyə karyerası məhsuldar alınan Şomurodov mövsümdə 15-ci qolunu vurmaqla Onuaçuya çatdı. İlhan Palutu baş məşqçi postuna qaytaran “Konyaspor” evdə “Göztəpə”nin müqavimətini qıra bilmədi. “Ağ-yaşıllar”ın qələbəsiz seriyası 11 oyuna yüksəldi.

Əvvəlki illərdən fərqli “Qalatasaray” üçün Rizə səfəri bu dəfə asan keçdi. Əvvəldən sona qədər rəqibdən bir baş üstün görünən son çempion rahat qələbə qazandı. Qələbənin əsasını başla fərqlənən Barış Alpər Yılmaz qoydu. Bu epizodda Noa Lanq Türkiyə karyerasında hesabına ilk məhsuldar ötürməni yazdı. Rizəlilərin bütün cəhdlərinə baxmayaraq, Uğurcan Çakırı məyus etmək mümkün olmadı.

Digər qollar ikinci hissəyə təsadüf etdi. 62-ci dəqiqədə Barış Alpər bu dəfə assistent rolunda çıxış etdi. Yunus Akgün isə superliqada başla ilk qolunu vurdu. Osimhen də meydanı qolsuz tərk etmədi. Müdafiəçilərin inamsız oyunundan yararlanan nigeriyalı forvard qapıçıdan sıyrılaraq topu boş qapıya göndərdi. Özü də o, superliqada meydana çıxdığı ardıcıl 5-ci oyunda fərqlənməyi bacardı. Bu, Osimhenin Türkiyə karyerasında ən yaxşı seriyasıdı. “Qalatasaray” bu mövsüm superliqada oyunların 63 faizində (21 oyunun 13-də) ən azı 3 qol vurub. İstanbul nəhəngi bu göstəricidə tarixinin ən yaxşı mövsümünü keçirir. Maraqlıdı ki, “Cim-Bom” Okan Buruka qədər tarixi ərzində cəmi 4 mövsümdə 21-ci turu ən azı 50 xalla tamamlamışdı. Amma komanda Burukun dönəmində keçirdiyi 4 mövsümün hər birində 21-ci turlarda 50 xal həddini aşmağı bacarıb!

“Beşiktaş” qeyri-sabit mövsüm keçirməkdə davam edir. “Qartal” bu dəfə evdə ortabab “Alanyaspor”la bacara bilmədi. Özü də qonaqlar ilk 16 dəqiqədə iki dəfə fərqlənməklə “Tüpraş Stadionu”na toplaşanları şoka saldılar. Yalnız bundan sonra “ağ-qaralar” yavaş-yavaş yuxudan ayıldılar. Yeni transferlərdən olan Hyın Qyu O özünü yaxşı tərəfdən göstərməyi bacardı. Əvvəlcə onun qazandığı penaltini Orkun Kökçü dəqiq yerinə yetirdi. Kapitan bu mövsüm ardıcıl 3 turda fərqlənən ilk “Beşiktaş”lı oldu. Hyın Qyu O 2-ci hissənin əvvəllərində çətin vəziyyətdə olmasına baxmayaraq, mükəmməl akrobatik zərbə ilə hesabı bərabərləşdirdi.

Qonaqların braziliyalı qapıçısı Paulo Viktor bir sıra önəmli seyvlərlə yadda qaldı. “Beşiktaş” beləcə “çərçivə”yə 8 zərbə vurduğu görüşdə qalib gələ bilmədi və son 3 turda 2-ci dəfə xal itirdi.

20-ci tur
Çaykur Rizəspor – Qalatasaray 0:3

Barış Alpər Yılmaz, 19. Yunus Akgün, 62. Osimhen, 73.
Qalatasaray: Uğurcan Çakır, Şallai, Sançes, Əbdülkərim Bardakcı (Sinqo, 81), Yakobs, Sara, Torreyra (İkardi, 80), Barış Alpər Yılmaz (Asprilya, 84), Yunus Akgün (İlkay Gündoğan, 75), Lanq (Boe, 75), Osimhen.

Fənərbaxça – Gənclərbirliyi 3:1
Taliska, 16-p. Kərəm Aktürkoğlu, 27; 33 – Koita, 55.

Beşiktaş – Alanyaspor 2:2
Orkun Kökçü, 32-p. Hyın Qyu O, 54 – Güvən Yalçın, 9; 16.
Beşiktaş: Ərsin Destanoğlu, Gökhan Sazdağı (Murilyo, 78), Aqbadu, Əmirhan Topçu, Rıdvan Yılmaz, Ndidi, Orkun Kökçü, Olaitan (Salih Uçan, 88), Çernı (Mustafa Həkimoğlu, 78), Cengiz Ündər (Raşitsa, 88), Hyın Qyu O.

Samsunspor – Trabzonspor 0:3
Onuaçu, 21; 81. Muçi, 90+1.
Samsunspor: Okan Kocuk, Zəki Yavru, Şatka, Van Drongelen, Tomasson (Sonər Gönül, 60), Makumbu, Cəlil Yüksəl (Elayis Tavşan, 46), Holse, Nçam (Muandilmaci, 72), Assumu (Mendes, 60), Ndiaye.
Trabzonspor: Onana, Pina (Ozan Tufan, 88), Nvaivu, Bataqov, Lövik, Ulai, Jabol-Folkarelli, Auqusto (Umut Nayır, 72), Muçi, Mustafa Eskihellaç (Nvakaeme, 90+5), Onuaçu (Okay Yokuşlu, 88).

Eyüpspor – İstanbul BŞ 1:2
Umut Bozok, 90+3 – Zelke, 14. Şomurodov, 53.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər, Opoku, Duarte, Operi (Kazımcan Karataş, 65), Kemen, Umut Günəş (Berat Özdəmir, 85), Fayzullayev (Brniç, 66), Şomurodov, Arit (Da Kosta, 85), Zelke (Bertuğ Yıldırım, 74).

Fatih Karagümrük – Antalyaspor 1:0
Serjinyo, 5.

Konyaspor - Göztəpə 0:0

Qaziantep – Kasımpaşa 2:1
Kojlovski, 24. Bayo, 36 – Benediçak, 16.

Kayserispor – Kocaelispor 1:2
Sarıaslan, 81 – Aqyei, 65; 73.

1. Qalatasaray 21 16 4 1 50-14 52
2. Fənərbaxça 21 14 7 0 48-18 49
3. Trabzonspor 21 13 6 2 41-23 45
4. Göztəpə 21 11 7 3 27-12 40
5. Beşiktaş 21 10 7 4 37-27 37
6. İstanbul BŞ 21 9 6 6 36-22 33
7. Samsunspor 21 7 9 5 24-24 30
8. Qaziantep 21 7 7 7 29-35 28
9. Kocaelispor 21 7 6 8 18-22 27
10. Alanyaspor 21 4 11 6 22-24 23
11. Gənclərbirliyi 21 6 4 11 26-31 22
12. Konyaspor 21 4 8 9 24-33 20
13. Çaykur Rizəspor 21 4 8 9 24-33 20
14. Antalyaspor 21 5 5 11 19-34 20
15. Eyüpspor 21 4 6 11 17-30 18
16. Kasımpaşa 20 3 7 10 15-27 16
17. Kayserispor 21 2 9 10 17-43 15
18. Fatih Karagümrük 21 3 3 15 18-39 12

Bombardirlər: Şomurodov (İstanbul BŞ), Onuaçu (Trabzonspor) – 15, Talişka (Fənərbaxça) – 12.

Turun rəqəmi
6 – “Alanyaspor” son dönəmlərdə “Beşiktaş” üçün ən uğursuz rəqibə çevrilib. Təsadüfi deyil ki, İstanbul nəhəngi bu rəqibə qarşı superliqada ardıcıl 6-cı qarşılaşmada qələbəyə həsrət qaldı (4 heç-heçə, 2 məğlubiyyət). “Ağ-qaralar”ın heç vaxt çempionluq sevinci yaşamamış klublara qarşı XXI əsrdə belə seriyası olmamışdı! “Beşiktaş”ın bu cür statuslu klublardan sonuncu dəfə bundan daha pis seriyası 1998-ci ildə “Kocaelispor”a qarşı olmuşdu (7 qələbəsiz oyun).

Turun ulduzu
Güvən Yalçın (Alanyaspor) – 27 yaşlı forvard sabiq klubuna qənim kəsildi. Almaniyada doğulan və “Bayer-04”ün yetirməsi olan Güvən peşəkar karyerasına 2018-də məhz “Beşiktaş”da start verib. İtaliya və Portuqaliyada da oynamağa macal tapan futbolçu bu mövsüm buna qədər superliqada cəmi 4 qol vurmuşdu. Bu, onun ilk dubludu. Superliqada o, son dublunu 2021-in oktyabrında məhz “Beşiktaş”ın heyətində “Sivasspor”la oyunda etmişdi. Maraqlıdı ki, Güvən ilk dövrədə də “qartal”ın qapısına yol tapmışdı. O, “Alanyaspor”un heyətində bir mövsümün hər iki oyununda “Beşiktaş”a qol vuran ilk futbolçu kimi tarixə düşdü!

Turun sitatı
Tümər Mətin, sabiq futbolçu, futbol şərhçisi:
“Onuaçu ən çox sevdiyim forvard özəlliklərinə malikdi. Həm havadan qol vurur, həm də yerdən. Cüssəsi sayəsində topu istədiyi qədər özündə saxlayır. Hər cür oyun sisteminə uyğun gələn futbolçudu. Bəzən komandasının oyunu alınmayanda bu özəllikləri ilə ön plana çıxaraq vacib qollar vurur. Onuaçunun bu mövsüm superliqada 25 qol həddini keçəcəyini düşünürəm”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Rizə səfərləri həmişə çətin olur. 1:0-dan sonra hücumları davam etdirdik. Son ötürmələrdə dəqiq olsaydıq, 2-ci qolu daha tez vura bilərdik. Ancaq rəqib də həvəsdən düşmədi. Hesab 1:0 olarkən onların da fürsətləri var idi. Yaxşı ki, hesabın bərabərləşməsinə imkan vermədən 2-ci qolu vurduq. 3-cü qoldan sonra oyun zatən bitdi. Əvvəldən sona qədər komanda şəklində çox yaxşı oynadıq. Bu, bizim üçün dəyərli məqamdı. Yeni gələn oyunçuların uyğunlaşması və zədəlilərin qayıtması ilə daha da güclü olacağıq. Bu gün ehtiyatımız geniş idi. Mövsümdə ilk dəfə əvəzetmə edərkən çətinlik çəkdim. Bu gün şans qazanmayanlar qarşıda mütləq oynayacaqlar. Təqvimimiz sıxdı. Bəzən rəqibin sistemindən də çox şey asılı olur. Məsələn, bu gün “Çaykur Rizəspor”un 3 mərkəz müdafiəçisi ilə oynayacağını gözləmirdik. “Yuventus” da bəzən 3 mərkəz müdafiəçisi ilə oynayır. Pillə-pillə irəliləməyə və planlarımızı da buna uyğun qurmağa çalışacağıq”.

Sərgən Yalçın, “Beşiktaş”ın baş məşqçisi:
“Çox güman, bu gün mövsümün ən uğursuz startını reallaşdırdıq. İlk 20 dəqiqədə bu qədər zəif təsir bağışladığımızı görməmişdim. Erkən qollar buraxmaq bizi psixoloji cəhətdən çökdürdü. O anlarda fanatlarımız da bizdən üz döndərdi. Sonra xarakter nümayiş etdirib özümüzə gəlməyə başladıq. Yavaş-yavaş üstünlüyü ələ aldıq. İkinci hissədə meydanda tam ağalıq etdik. Adi səhvlər, konsentrasiya azlığı bizə baha başa gəldi. Görünür, bu gün qalib gəlmək qismət deyilmiş. Halbuki diqqətli olsaydıq, 4:2 və ya 5:2 qalib gələ bilərdik. Adi bir Anadolu klubu iki top üstünlük yaxaladıqdan sonra, təbii ki, geri çəkilib əks-hücumlarda oynamağa başlayır. 2 top geriyə düşdükdən sonra qələbə qazanmaq heç vaxt asan olmur. Oyuna cəmi 6 dəqiqə əlavə olunmasını anlamadım. Təkcə ikinci qolumuzda VAR incələməsi 6 dəqiqə çəkdi. Rəqibin qapıçısı səhv etmirəmsə, braziliyalı idi. Bu gün yerdən qalxmadı. Ən azı 5 dəfə zədələndi. Ona bu işləri çox gözəl öyrədiblər. Türkiyə futbolunu bu duruma salmağa heç kimin haqqı yoxdu. Bu ölkəyə gəlirsizsə, normal futbolunuzu oynayın!”

Fatih Təkkə, “Trabzonspor”un baş məşqçisi:
“Qələbəni belə çətin səfərdə bizi dəstəksiz qoymayan fanatlarımıza həsr edirik. 3 qollu gözəl bir qələbə qazandıq. Samsun səfərinin necə çətin olduğunu hər kəs bilir. Onlara avrokubok matçında uğurlar arzulayıram. Bu mövsüm ölkəmizi Avropada çox yaxşı təmsil edirlər. Bizim çempionatda asan rəqib yoxdu. Çox çətinliklərdən keçərək bu səviyyəyə çatmışıq. Mən bu vəzifəyə gələrkən səfərdə qalib gəlməkdə çətinlik çəkən bir “Trabzonspor” var idi. O vaxtdan bəri gördüyümüz iş ən azı hörmətə layiqdi. Ümid bəslədiyimiz futbolçular gözlənilən performansı sərgiləyincə, ortaya belə mənzərə çıxdı. Matçın gedişində bir neçə dəfə sistemi dəyişdik. Əks-hücumlarda əla təsir bağışladıq. Növbəti tur evdə “Fənərbaxça”ya qarşı da inamlı oyun sərgiləməyə çalışacağıq. Qalib gələcək potensiala sahibik. Sadəcə, oyuna yaxşı köklənməli və rəqibi düzgün təhlil etməliyik. Fanatlarımızın önündə əlavə motivasiyaya ehtiyacımız olmayacaq”.
Избранный
132
1
football-plus.az

2Источники