RU

Güclü maliyyə bazası olmayan bələdiyyə real səlahiyyətlərini icra edə bilməz - Deputat

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə yerli özünüidarəetmənin real vəziyyətini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Ölkə.az xəbər verir ki, bunu deputat Azər Badamov parlamentdə bələdiyyələrin illik məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat bələdiyyələrin fəaliyyətinin artırılması ilə bağlı təklifini verib.
"Ölkəmizdə data mərkəzləri yaradılır, rəqəmsallaşma süni intellekt və yüksək texnologiyaların tətbiqinin genişləndiyi bir cəmiyyətin yaradılmasına hədəflənmişdir. Bu baxımdan bələdiyyələr də ölkədə həyata keçirilən proseslərdən, inkişafdan kənarda qala bilməz. Ona görə də bələdiyyələrin fəaliyyətində rəqəmsallaşma prosesləri sürətləndirilməlidir. Bələdiyyə qərarlarının vahid elektron platformada yerləşdirilməsi, maliyyə hesabatlarının açıq bazada təqdim olunması həm inzibati nəzarəti asanlaşdırar, həm də ictimai nəzarəti gücləndirər.

Digər bir məsələ vergilərin yığılması ilə bağlıdır.  Açıq şəkildə etiraf etməliyik ki, bələdiyyələrin maliyyə dayanıqlılığı əsasən yerli vergilərin effektiv toplanmasından asılıdır. Lakin praktikada vergi bazasının zəif uçotu, ödəmə intizamının aşağı olması və informasiya sistemlərinin natamamlığı ciddi problemlər yaradır. Həm də vergilərin yığılması ilə bağlı bir təsir mexanizmi olmadığından bələdiyyələr əksər hallarda vergiödəyicilərə bildirişlər göndərməklə kifayətlənir. Ona görə də vergilərin yığılması çox passiv həyata keçirilir. Amma hər bir vətəndaş öz üzərinə düşən vergi öhdəliklərini ödəməlidir.  Aşağı vergi yığımı bələdiyyələrə fəaliyyətini lazımi qaydada qurmağa imkan vermir. Bu baxımdan bələdiyyələrin vahid informasiya siteminə birləşdirilməsini və digər dövlət orqanlarına vətəndaş müraciət edəndə ilk növbədə vergi borcu ödənildikdən sonra digər əməliyyatların həyata keçirilməsi tələbinin qoyulmasını təklif edirəm.  
Həm də maarifləndirmə və ictimai hesabatlılıq olmalıdır. Vətəndaş bilməlidir ki, ödədiyi vergi hansı konkret layihəyə xərclənir. Bələdiyyələr rüblük əsasda “toplandı və xərcləndi” prinsipi ilə açıq hesabat təqdim etməlidirlər. Şəffaflıq ödəmə intizamını artıran ən güclü vasitələrdən biridir. Həm də ictimaiyyətin inamını qazanmağın ən düzgün yoludur. 

Güclü maliyyə bazası olmayan bələdiyyə real səlahiyyətlərini icra edə bilməz. Yerli vergilərin ədalətli, şəffaf və effektiv toplanması həm yerli inkişafın təminatıdır, həm də yerli demokratiyanın möhkəmlənməsidir.

Biz inzibati nəzarəti gücləndirməklə yanaşı, bələdiyyələrin gəlir imkanlarını genişləndirməli, vergi yığımını müasir və səmərəli mexanizmlərlə təmin etməliyik".

Mürtəza

Избранный
152
1
olke.az

2Источники