RU

Kölgədə qurulan çevriliş planı “Beşinci Kolon”un qaranlıq əlaqələri

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan dövlətçiliyinin təməllərinə qəsd etmək cəhdləri növbəti dəfə iflasa uğrayır. Uzun illər dövlətin ən ali strukturlarında kök salmış, lakin mənəviyyatını və sadiqliyini kənar güclərə satmış Ramiz Mehdiyevin "məktub dastanının" üzə çıxması, ölkədəki "beşinci kolon"un daxili simasını tam çılpaqlığı ilə ifşa etdi. Bu, sadəcə bürokratın yıxılışı deyil, dövlət içində dövlət qurmaq istəyən mütəşəkkil cinayətkar qruplaşmanın darmadağın edilməsidir. Vətənə xəyanət və çirkli pulların yuyulması kimi ağır maddələrlə ittiham olunan Mehdiyevin planları, Azərbaycanın daxili sabitliyini hədəf alan qaranlıq bir mexanizmin işlədiyini göstərir. Lakin ən maraqlı və rəzil məqam bu zəncirin digər halqasıdır: İllər boyu özünü "xalqın səsi" kimi qələmə verən, lakin əslində eyni mərkəzdən idarə olunan AXCP sədri Əli Kərimli və onun xəyanətkar dəstəsi. Gündüzlər tribunlarda bir-birini ittiham edənlərin, gecələr dövlət çevrilişi planları üzərində eyni masada birləşməsi siyasi riyakarlığın zirvəsidir. Bu "məktub" sübut edir ki, dağıdıcı müxalifətin "başbilənləri" ilə köhnə nomenklaturanın qalıqları arasında görünməz, lakin çox möhkəm maliyyə və maraq bağları mövcuddur. Onların hədəfi birdir: Azərbaycanın müstəqil xarici siyasətini sarsıtmaq, Zəfər qazanmış dövləti yenidən daxili xaosun poliqonuna çevirmək və xarici ağalarına xidmət etmək.Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi uğurlar bu qaranlıq dairələri təşvişə salıb. Vətənə xəyanət ittihamı ən ağır yükdür və bu yükün altında təkcə Mehdiyev deyil, onunla əlbir olanların hər biri qalacaqdır. Çünki dövlət çevrilişinə cəhd və xarici kəşfiyyat orqanları ilə işbirliyi siyasi fəaliyyət deyil, birbaşa xalqa və dövlətə qarşı açılmış müharibədir. Bu gün Azərbaycan cəmiyyəti bir təmizlənmə mərhələsini yaşayır. Özünü "milli" adlandıran, lakin kökləri xaricə və köhnə sistemin korrupsioner qalıqlarına bağlı olan şəxslərin maskası birdəfəlik düşmüşdür. Azərbaycan dövləti bu xəyanət şəbəkəsinin hər bir halqasını qanun qarşısında cavab verməyə məcbur edəcək qədər güclü, xalqımız isə bu oyunları pozacaq qədər ayıq-sayıqdır.Deputat diqqətə çatdırıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılan və geniş rezonans doğuran cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş rəsmi ittihamlar, ölkəmizin suverenliyinə və konstitusiya quruluşuna qarşı qurulmuş mütəşəkkil xəyanət şəbəkəsinin qaranlıq mətləblərini gün işığına çıxarmışdır. İstintaq materialları sübut edir ki, bu, sadəcə bir siyasi qruplaşmanın deyil, birbaşa xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən idarə olunan genişmiqyaslı bir diversiya planının tərkib hissəsidir. Aparılan kompleks istintaq tədbirləri və üzə çıxan təkzibolunmaz faktlar göstərir ki, bu çirkin ittifaqın kökləri hələ 2012-ci ilə, xarici paytaxtlarda Azərbaycanın suverenliyinə qarşı cızılan məkrli planlara qədər uzanır.Həmin dövrdə xarici ölkənin xüsusi xidmət orqanlarının birbaşa himayəsi və təlimatı ilə yaradılan, ictimaiyyətə isə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" (və ya "Milyarderlər İttifaqı") kimi təqdim olunan qurum, əslində dövlət çevrilişi ssenarisinin maliyyə və siyasi mərkəzi rolunu oynayırdı. Abbas Abbasov və Rüstəm İbrahimbəyov kimi şəxslərin rəhbərliyi altında fəaliyyət göstərən bu təşkilat, xarici güclərin Azərbaycandakı siyasi proseslərə kobud müdaxiləsi üçün bir alətə çevrilmişdi. Lakin ən dəhşətli məqam ondan ibarətdir ki, bu xarici layihə daxildəki "beşinci kolon"la  yəni uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev və AXCP sədri Əli Kərimli kimi simalarla vahid bir cinayətkar şəbəkədə birləşmişdi. İstintaq materialları və təqsirləndirilən şəxslərə elan olunmuş ittihamlar sübut edir ki, Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və onların ətrafındakı digər xəyanətkar ünsürlər dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və mövcud konstitusiya quruluşunun devrilməsi barədə gizli sövdələşməyə giriblər. Bu şəxslər illər boyu zahirən bir-birinə zidd qütblər kimi görünsələr də, pərdəarxasında eyni mərkəzdən gələn əmrləri icra edərək dövlətin təməllərini sarsıtmağa çalışıblar. Onların məqsədi Azərbaycanın milli maraqlarını xarici diktələrə qurban vermək, ölkədə süni xaos yaratmaq və xalqın iradəsinə zidd olaraq hakimiyyəti qəsb etmək idi.K.Bayramov xüsusi olaraq qeyd edib ki, istintaq materialları və texniki sübutlar ifşa edir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində "Milyarderlər İttifaqı" xarici ölkələrdəki imkanlarından istifadə edərək, minlərlə Azərbaycan vətəndaşını kütləvi iğtişaşlara sövq etmək üçün təlimatlandırılmış xüsusi bir qüvvə kimi hazırlayıb. Bu çirkin planın siyasi qanadı olan "Milli Şura"nın həmin dövrdə xarici dövlət rəhbərliyinə ünvanladığı gizli məktub, milli maraqların necə açıq şəkildə satıldığının rəsmi sənədidir. Azərbaycan dövlətinə xarici təzyiq göstərilməsini xahiş edən bu qüvvələr, hakimiyyət ambisiyaları naminə ölkənin müstəqil siyasətini qurban verməyə hazır olduqlarını nümayiş etdiriblər. Xüsusilə Əli Kərimlinin adından Qənimət Zayıdov vasitəsilə aparılan gizli danışıqlar xəyanətin miqyasını daha da böyüdür. Xarici xüsusi xidmət orqanları ilə əldə olunan razılaşmaya əsasən, Əli Kərimli hakimiyyətə gətiriləcəyi təqdirdə, Azərbaycanın strateji maraqlarını və təhlükəsizlik memarlığını tamamilə xarici güclərin nəzarətinə verməyi, ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv etməyi vəd etmişdir. Bu faktlar sübut edir ki, radikal müxalifət və onlarla əlbir olan qaranlıq güclər üçün Azərbaycanın dövlət müstəqilliyi sadəcə xarici ağalarına təqdim ediləcək bir alver predmetidir. İstintaq materialları Əli Kərimli və əlaltılarının xəyanət planlarının ən iyrənc məqamını  xalqın vətənpərvərlik hisslərindən dövlətə qarşı istifadə cəhdini də ifşa edib. 2020-ci ilin iyulunda ordumuza dəstək yürüşü zamanı Fuad Qəhrəmanlı və digərlərinə verilən xüsusi tapşırıq, təmiz hisslərlə küçələrə çıxan kütləni təxribata çəkmək və xaotik vəziyyət yaratmaq olub. Bu planın əsas hədəfi vətənpərvərlik şüarlarını dövlət əleyhinə çağırışlarla əvəz edərək Milli Məclis və AzTV kimi strateji dövlət obyektlərini güclə ələ keçirmək idi. Məqsəd isə kütləvi informasiya vasitələri ilə qeyri-qanuni şəkildə hakimiyyətin zəbt olunduğunu bəyan etmək olub. Bu faktlar bir daha təsdiqləyir ki, xəyanətkar şəbəkə üçün Qarabağ dərdi və orduya sevgi sadəcə hakimiyyəti devirmək üçün bir vasitə, Azərbaycan dövlətçiliyi isə hədəf olub.İstintaq materialları Ramiz Mehdiyevin dövlətə xəyanət zəncirinin 2025-ci ilə qədər uzanan ən son və qaranlıq halqalarını da ifşa etmişdir. Məlum olub ki, Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında "Dövlət idarəetmə sisteminin yenidən qurulması" adı altında dövlət hakimiyyətinin devrilməsini nəzərdə tutan məxfi plan hazırlayıb. Bu sənədi köməkçisi Eldar Əmirov vasitəsilə razılaşdırmaq üçün Əli Kərimliyə ötürüb, yekun nüsxəni isə şəxsən əlaqədə olduğu xarici xüsusi xidmət orqanlarına göndərib. Bu xəyanətkar fəaliyyət dövlət orqanları tərəfindən texniki vasitələrlə fiksə olunaraq tam sübuta yetirilib. Mehdiyev xarici kəşfiyyatla işbirliyi quraraq Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd hərəkət etməkdə və konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhddə ittiham olunur. Eyni zamanda, onun 17 milyon manatdan artıq cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırdığı da müəyyən edilib. Bu faktlar illərlə dövlətin başında duran şəxsin həm iqtisadi, həm də siyasi cinayətlər vasitəsilə vətənə xəyanət yolunu seçdiyini təsdiqləyir.K.Bayramov əlavə edib ki, İstintaq tərəfindən toplanmış təkzibolunmaz sübutlar əsasında, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş xəyanət şəbəkəsinin üzvlərinə qarşı ağır maddələrlə rəsmi ittihamlar irəli sürülüb. Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.Hazırda ölkə hüdudlarından kənarda gizlənən Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov barəsində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib. Dövlətin təhlükəsizliyinə qəsd edən bu şəbəkənin digər gizli bağlantılarının üzə çıxarılması istiqamətində araşdırmalar qətiyyətlə davam etdirilir.Göründüyü kimi, Vətənə xəyanət, çirkli pulların yuyulması və dövlət çevrilişinə cəhd maddələri ilə açılan bu cinayət işi, həm daxildəki "beşinci kolon"un, həm də xaricdəki xəyanətkar ünsürlərin hüquqi müstəvidə sonunu gətirib. Bu İfşa Azərbaycanın suverenliyinə əl uzadan hər bir gücün gec-tez ədalət qarşısında cavab verəcəyinin qətiyyətli nümayişidir.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
124
20
demokrat.az

10Источники